AZ

İranda hələlik 4 milyona yaxın köçkün yaranıb - qonşu ölkələr qorxu içində...



Azər Həsrət: "Mən düşünmürəm ki, İrandan kütləvi qaçqın dalğası olacaq"

ABŞ və İsrailin İrana endirdiyi hava zərbələri nəticəsində ölkədə milyonlarla insan evindən didərgin düşüb və 3,2 milyon nəfər məcburi köçkünə çevrilib. Qonşu ölkələr, o cümlədən Azərbaycan, Ermənistan və Türkmənistan sərhədlərini bağlayıb və potensial qaçqın axınından narahatdır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) regionda humanitar ehtiyaclara hazırlaşır və Orta Asiya ölkələri ilə koordinasiya aparır. İran türkmənləri Türkmənistana keçməyə çalışır, lakin Aşqabaddan sərhədin İran vətəndaşları üçün bağlı saxlanılması ilə əlaqədar göstəriş verilib. Hazırda qaçqın axını idarə olunur, amma vəziyyət gərgin olaraq qalır.

Orta Asiya ölkələri potensial qaçqın axınının yarada biləcəyi humanitar böhrandan narahatdır. UNHCR vəziyyəti izləyir və hazırlıq işləri aparır. İran vətəndaşları digər ölkələrə yerləşdirilmir, əsasən üçüncü ölkə vətəndaşlarının çıxışına şərait yaradılır. Sərhədlər gücləndirilir və nəzarət məqsədilə dronlardan istifadə olunur.

Azərbaycanı da belə bir qaçqın dalğası gözləyə bilər. Bununla bağlı hansı tədbirlər görülür və görülməlidir?

“Bakı-Xəbər” qəzetinin sualını cavablandıran siyasi şərhçi Azər Həsrət bildirdi ki, əlbəttə, Azərbaycan həmişə humanitar məsələlərdə öndə olub və bundan sonra da öz missiyasını davam etdirəcək: “Konkret olaraq, İrandan qaçqın dalğası olarsa, Azərbaycan mümkün qədər onlara yardımçı olmağa çalışacaq. Amma indiki şəraitdə mən düşünmürəm ki, İrandan kütləvi qaçqın dalğası olsun. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) da qeyd edir ki, burada ölkədaxili yerdəyişmədən, məcburi köçkünlərdən söhbət gedir. Bu da təbiidir, çünki Tehran kimi böyük şəhərlər hədəfə alınır və əhalinin raket zərbələrinin hədəfinə çevrilmək ehtimalı böyük olduğundan insanlar ölkənin daha sakit regionlarına üz tuturlar. Qeyd edilir ki, əhali əsasən qaynar nöqtələrdən ölkənin şimalına (Azərbaycan vilayətlərinə) yerdəyişmə edir.

Əgər Tehran kimi şəhərdən əhali Azərbaycan ərazilərinə üz tutursa, deməli Azərbaycana qarşı aparılan təbliğatın bir elementi alt-üst olur. İranın fars-molla rejiminə bağlı mərkəzləri iddia edirdilər ki, ABŞ və İsrail Güney Azərbaycanı bombardman edir, altını üstünə çevirir, orada dinc insanları öldürür və s. Amma UNHCR-nin açıqlamasına görə, məcburi köçkünlər İranın başqa ərazilərindən daha sakit bölgə kimi Güney Azərbaycana köçərək yerləşir. Təxminən artıq 3,2 milyon məcburi köçkündən söhbət gedir. Belə kütləvi yerdəyişmə Güney Azərbaycana doğru baş verirsə, bu bir daha göstərir ki, ABŞ və İsrailin hədəfi heç də bəzilərinin iddia etdiyi kimi Güney Azərbaycan deyil”.

Siyasi şərhçinin fikrincə, İranda hələlik hərbi hədəflər vurulur və bu, bundan sonra da davam edə bilər: “Düzdür, ortada danılmaz bir təcavüz var, amma təcavüzkar tərəfin əsas məqsədi dinc insanları öldürmək deyil, ölkənin strateji obyektlərini və hakimiyyətini çökdürmək, İranda normal hakimiyyətin qurulmasına yardımçı olmaqdır. Bu baxımdan yəqin ki, Azərbaycan Respublikası da hazırlıqlıdır. Mümkündür ki, hətta ekstremal vəziyyətdə Azərbaycan qaçqınların qəbul edilməsi ilə bağlı daha genişmiqyaslı əməliyyatlara hazır olsun.

Qardaş Türkiyə də bu istiqamətdə hazırlıqlıdır. Türkiyənin bu sahədə ciddi təcrübəsi var. Əvvəlki dövrlərdə Türkiyə Suriyadan milyonlarla qaçqını qəbul edib. O baxımdan mən düşünürəm ki, həm Türkiyə, həm Azərbaycan, həm də Orta Asiyanın türk dövlətləri əlbəttə, yaxalarını kənara çəkməyəcəklər. Amma yenə də düşünmürəm ki, İrandan kütləvi qaçqın dalğası olacaq.

Sadəcə olaraq, müharibə şəraitindən sui-istifadə etmək istəyənlər ola bilər, yəni canını götürüb ölkədən qaçmaq istəyənlər tapıla bilər. Amma Güney Azərbaycan əhalisi öz torpaqlarını qoyub heç yerə qaçan deyil. Əksinə, bu vəziyyətdən istifadə edib öz talelərini həll edəcəklər”.

Akif NƏSİRLİ

Seçilən
19
baki-xeber.com

1Mənbələr