AZ

İlaxır çərşənbə necə qeyd olunur və bu günün özünəməxsus adətləri hansılardır? - ARAŞDIRMA

Novruz bayramı ərəfəsində qeyd olunan dörd çərşənbənin sonuncusu İlaxır çərşənbə və ya Torpaq çərşənbəsi adlanır. Bu çərşənbə xalq arasında ən əziz və ən təntənəli qeyd olunan günlərdən biri hesab edilir.
SİA mövzu ilə bağlı araşdırma edib:

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev Torpaq çərşənbəsi haqqında bildirir ki,

“İlaxır çərşənbələr öz bətnindən Novruzu dünyaya ərməğan edir. Belə ki, çərşənbələrin 4 yaradıcı ünsürü cəmləşib yekunda yeni həyatın əsasını təşkil edən Novruzun gəlişinə zəmin yaradır.

Bu mənada ilaxır çərşənbələr və Novruz bütövlükdə eyni yaradılış ideyasına xidmət etməklə bütöv bir mərasim kompleksini təşkil edir. Su, od, yel, torpaq ünsürləri vəhdət təşkil edir. “Oğuz oğlunun bayramı” adlı mif mətnində də biz, demək olar ki, Novruz bayramı ilə ilaxır çərşənbə atributlarının rəmzi şəkildə iç-içə təqdimini görürük: “Oğuz oğlu qışdan yaman qorxardı. Ona görə də ilin üç fəslində qışa tədarük görər, dünyanın naz-nemətini yığıb yaşadığı zağaya gətirərdi. Bir il qış uzun çəkdi. Oğuz oğlunun azuqəsi qurtardı. Çarəsiz qalan Oğuz oğlu Böyük çillənin otuzuncu günü zağadan bayıra çıxdı ki, yeməyə bir şey tapıb gətirsin. Nə qədər gəzdi, dolandı, heç nə tapmadı. Saqqalı buz bağladı, əli-ayağı dondu. Kor-peşman evə qayıdanda bir qurd balasına rast gəldi.

Qurd balası soruşdu:

– Oğuz oğlu, bu qarda-boranda haradan gəlirsən?

Oğuz oğlu başına gələn əhvalatı danışdı. İlin aylarından gileyləndi. Dedi ki, elə ay var yaxşı dolanırıq, elə ay var acından qırılırıq. Ayları təriflədi, ayları yamanladı.

Qurd balası dedi:

– Ey Oğuz oğlu, qabaqdakı yol ayrıcında səni bir sürü qoyun, bir qucaq sünbül, bir cəhrə, bir də əl dəyirmanı gözləyir. Onları alıb zağana apararsan. Qoyunu kəsib ətini yeyərsən. Yunundan cəhrədə ip əyirər, özünə paltar tikərsən, dərisini əyninə geyərsən. Sünbülün dənini də əl dəyirmanında çəkər, unundan çörək bişirərsən. Yaza çıxarsan. Ancaq sənə verdiyim əmanətlərdən gərək muğayat olasan. Sünbülü və qoyunu özün artırasan. Quzuları əlinin üstündə saxlayıb böyüdəsən. Sünbülün dənini yerə səpib onu alnının təri ilə suvarasan. Dediklərimə əməl edə bilməsən, yaşamaq sənin üçün çətin olacaq.

Oğuz oğlu yol ayrıcına gəldi. Qurd balasının dediklərini zağaya gətirdi. Qışı kefi kök dolandı. Yazda sürünü dağlara yaydı, sünbülü torpağa səpdi, gecə-gündüz sürünün, sarı sünbülün qulluğunda dayandı. Oğuz oğluna bir bolluq üz verdi ki, gəl görəsən. O gündən də Oğuz oğlu bütün günü işlədi. Qurd balasına rast gəldiyi Böyük çillənin otuzuncu günündən isə bayrama hazırlaşmağa başladı. İlin beş gününü yedi-içdi, çaldı-çağırdı, qohum-qardaşa bayrama getdi.

Oğuz oğlu ilin başlanğıcını o gündən hesabladı. O günə Novruz adı verdi. Novruz bayramına adət etdi. Novruz ona uğur gətirdi”.

Mifik düşüncə ilə tarixi şüurun qovuşuq təqdim olunduğu bu mətndə Novruz bayramının gəlişinin hansı qovğalardan keçdiyi nəql olunur. Xilaskar qurd (Bozqurd) obrazı Oğuz oğluna qışın çətinliyindən salamat çıxmağın yollarını göstərir. Bu yollardan biri də Torpaq çərşənbəsinin əsas atributu olan torpağa tapınmaqdır, torpaqla zəhmətkeş kimi ülfət bağlamaqdır. Belə ki, Qurd obrazının xilaskaredici yol göstərmə funksiyasında Oğuz oğluna heyvandarlığın və əkinçiliyin sirlərini başa salmasını da görürük. Sürülərini dağlara yayan (heyvandarlıq edən) Oğuz övladı eyni zamanda sünbülü torpağa səpməklə (əkinçilik etməklə) bolluq – firavanlıq içində yaşamasını təmin etmiş olur. Buradan o ideya aşılanır ki, Torpaq çərşənbəsinin xilasedici – yaradılış ünsürü olan Torpaqdan dördəlli yapışmaqla insan oğlu (mətndə Oğuz oğlu) özünün ölümdən xilasını – diriliyini təmin etmiş olur. Buradan həm də o nəticə hasil olur ki, bizim Torpaq çərşənbəsi adı altında bayram etdiyimiz bu mərasimdə yaradıcı ünsür olan Torpaq öz missiyasını təkcə mifik inanclar kontekstində yox, həm də həyati baxışlar işığında reallaşdırır”

İlaxır çərşənbə təbiətin tam oyanmasını, torpağın canlanmasını və həyatın yenidən başlanmasını simvolizə edir.

Bəs İlaxır çərşənbə necə qeyd olunur və bu günün özünəməxsus adətləri hansılardır?

Azərbaycan xalqının qədim inanclarına görə, bu gün torpaq artıq qış yuxusundan oyanır, bitkilər dirçəlməyə başlayır və təbiət bahara hazır olur. Bu səbəbdən Torpaq çərşənbəsi bolluq, bərəkət və yenilənmə rəmzi kimi qəbul edilir. İnsanlar inanırlar ki, bu gün edilən niyyətlər və arzular yeni ildə həyata keçə bilər.

İlaxır çərşənbə ilə bağlı bir çox zəngin adət-ənənələr mövcuddur. Axşam saatlarında həyətlərdə və ya küçələrdə tonqallar qalayırlar. İnsanlar tonqalın üzərindən tullanaraq “Ağırlığım-uğurluğum odda yansın” deyir və bununla köhnə ilin bütün pisliklərindən təmizləndiklərinə inanırlar. Bu mərasim həm fiziki, həm də mənəvi saflaşmanı simvolizə edir.

İlaxır çərşənbədə şamların yandırılması niyə vacib sayılır?

İlaxır çərşənbə süfrəsində şamların olması vacib sayılır. Süfrənin əsas yeməklərindən biri Azərbaycan mətbəxinin incisi olan plovdur. Şəkərbura, paxlava kimi şirniyyatlar isə bolluq və firavanlığın göstəricisi hesab olunur.

İlaxır çərşənbədə qulaq falına çıxması nə məna kəsb edir?

Bu gün həm də müxtəlif fal və inanclarla zəngindir. Qızlar qulaq falına çıxar, eşitdikləri ilk sözə görə niyyətlərinin necə olacağını yozurlar. Qapı pusmaq, üzük falı, su falı kimi adətlər də geniş yayılmışdır. Bu inanclar xalqın qədim düşüncə tərzini və dünyagörüşünü əks etdirir.

İlaxır çərşənbədə evlərdə xüsusi bayram süfrəsi hazırlanır. Süfrədə mütləq şirniyyatlar – şəkərbura, paxlava, qoğal, həmçinin səməni, boyanmış yumurtalar və müxtəlif milli yeməklər olur. Bu süfrə bolluq və firavanlığın rəmzi sayılır. Ailə üzvləri bir araya gələrək birlik və həmrəylik nümayiş etdirirlər.

İlaxır çərşənbəyə niyə təmizlik işləri görülüb, bitirilməlidir?

İnsanlar bu gün ev-eşiklərini təmizləyir, köhnə əşyaları yeniləyir, küsülülər barışır. Bu da yeni ilə təmiz qəlblə və saf niyyətlə daxil olmağın vacibliyini göstərir. İlaxır çərşənbə həm də sosial münasibətlərin möhkəmləndirilməsi, insanlar arasında mehribanlığın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

İlaxır çərşənbə yalnız bir bayram günü deyil, həm də xalqın milli-mənəvi dəyərlərini, qədim adət-ənənələrini və təbiətlə bağlılığını özündə birləşdirən mühüm mədəni hadisədir. Bu gün Azərbaycan xalqının keçmişdən gələn zəngin irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Müəllif: Günay Hacıyeva
Seçilən
37
1
sia.az

2Mənbələr