AZ

Blok imtahanına hazırlıq: abituriyentlər yüksək bal üçün nə etməlidir?

Artıq 11-ci siniflər üçün buraxılış imtahanları yekunlaşıb. Qəbul imtahanlarının birinci cəhdi üçün də tarixlər elan olunub. Belə ki, II və III qruplar üçün imtahan 24 may, I və IV qruplar üçün isə 7 iyun tarixində keçiriləcək.

Lakin bəzi abituriyentlər buraxılış imtahanına təxminən bir ay qalmış blok imtahanına hazırlığı azaldır, hətta bəzən tam dayandıraraq bütün diqqətlərini buraxılış imtahanına yönəldirlər. İndi isə onların qarşısında yalnız blok imtahanına hazırlaşmaq üçün vaxt qalıb.

Maraqlıdır ki, blok imtahanına hazırlığı bir müddət azaldan və ya dayandıran abituriyentlər hazırda əvvəlki tempdə hazırlaşa bilirlərmi, yoxsa bu, onlar üçün müəyyən çətinliklər yaradır?

AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Elmin Yaqubbəyli danışıb.

Müsahibimiz qeyd edib ki, düzgün planlaşdırılmış hazırlıq prosesi abituriyentlərin qısa müddətdə əvvəlki hazırlıq tempinə qayıtmasına kömək edir:

“Hazırlıq prosesinə müəyyən müddət fasilə verilməsi bəzi hallarda qısa müddətli zəifləmə yarada bilər. Bu, əsasən biliklərin aktiv istifadəsinin azalması və test həll etmə vərdişlərinin zəifləməsi ilə əlaqədardır. Lakin əvvəlcədən formalaşmış bilik bazası olduqda, sistemli təkrar və müntəzəm məşq vasitəsilə həmin bilikləri yenidən aktivləşdirmək mümkündür. Düzgün planlaşdırılmış hazırlıq prosesi abituriyentlərin qısa müddətdə əvvəlki hazırlıq tempinə qayıtmasına kömək edir.

Həmçinin, effektiv hazırlıq planlı və mərhələli şəkildə aparılmalıdır. İlk mərhələdə keçilmiş mövzular üzrə qısa və məqsədyönlü təkrar aparmaq faydalıdır. Daha sonra həmin mövzular üzrə test tapşırıqları işləmək nəzəri biliklərin möhkəmlənməsinə və imtahan tipli sualları analiz etmək bacarığının inkişafına kömək edir. Bundan əlavə, müntəzəm sınaq imtahanlarında iştirak etmək abituriyentin hazırlıq səviyyəsini qiymətləndirməyə və real imtahan mühitinə uyğunlaşmasına imkan yaradır".

Hazırlıq zamanı bütün blok fənləri arasında balanslı vaxt bölgüsü aparılmalıdır:

“Səmərəli hazırlıq əsasən üç vacib prinsipə əsaslanır: sistemli təkrar, intensiv test praktikası və səhvlərin təhlili. Abituriyentlər yalnız test həll etməklə kifayətlənməməli, səhv etdikləri sualların səbəblərini araşdırmalı və həmin mövzular üzərində yenidən işləməlidirlər. Bu yanaşma bilik boşluqlarını müəyyən etməyə və onları aradan qaldırmağa kömək edir.

Hazırlıq zamanı bütün blok fənləri arasında balanslı vaxt bölgüsü aparılmalıdır. Xüsusilə zəif mövzulara daha çox diqqət ayrılması vacibdir. Gün ərzində hazırlıq saatlarının daha məhsuldar vaxtlara uyğun planlaşdırılması, müntəzəm fasilələrin verilməsi və sınaq nəticələrinin analiz edilməsi hazırlığın keyfiyyətini artırır".

Seçilən
13
azedu.az

1Mənbələr