AZ

Yeni qayda əti bahalaşdıracaq?

Azərbaycan hökuməti iri və xırdabuynuzlu heyvanların kəsim yaşını tənzimləməyi planlaşdırır. Bu məsələ “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026–2032-ci illər üçün Dövlət Proqramı”nın layihəsində öz əksini tapıb. Bəs bu yanaşma nə dərəcədə əsaslıdır?Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Metbuat.az-a açıqlamasında bildirib ki, bu qərar daha çox heyvandarlıq sektorundakı əsas problemləri ört-basdır etməyə yönəlmiş addım kimi görünür. Çünki bazarda əsas çətinlik heyvanların nə vaxt kəsilməsində yox, ümumiyyətlə onların saxlanmasının getdikcə daha baha və çətin olmasındadır: “Son illərdə otlaq sahələrinin azalması və ya əlçatanlığının məhdudlaşması fermerlərin xərclərini ciddi şəkildə artırıb. Üstəlik yem qiymətlərinin kəskin bahalaşması heyvandarlığı bir çox təsərrüfat üçün rentabelli olmayan sahəyə çevirir. Bu şəraitdə fermerlər heyvanı daha uzun müddət saxlamaq üçün əlavə xərc çəkməyə məcbur olur ki, bu da son nəticədə ətin qiymətinə birbaşa təsir edir. Belə bir vəziyyətdə kəsim yaşına inzibati qaydada müdaxilə etmək problemin kökünə toxunmur. Əksinə, bu, fermerlər üçün əlavə məhdudiyyət yarada və onsuz da çətin vəziyyətdə olan istehsalçıları daha da sıxışdıra bilər. Nəticədə bazarda təklif azala, qiymətlər isə daha da arta bilər”. A.Nəsirli qeyd edib ki, əsas məsələ heyvandarlığa real dəstəyin zəif olmasıdır: “Subsidiya mexanizmlərinin yetərsizliyi, yem bazarında sabitliyin olmaması və infrastruktur problemləri həll edilmədən belə tənzimləmələr effektiv nəticə verməyəcək. Yəni problem struktur xarakter daşıdığı halda, inzibati qərarla onu həll etməyə çalışmaq daha çox formal addım təsiri bağışlayır və uzunmüddətli perspektivdə bazara müsbət deyil, əksinə əlavə risklər gətirə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
2
metbuat.az

1Mənbələr