AZ

Mərəndilər isə bilməlidirlər ki, Azərbaycanın “qara siyahı”sına düşənlər sonradan peşman olurlar

44 günlük Vətən müharibəsindən və 23 saatlıq antiterror əməliyyatından öncəki dönəmlərdə Azərbaycan XİN-in elan etdiyi “arzuolunmaz şəxslər” siyahısı (“qara siyahı”) deyilən bir xüsusi xəbərdarlıq platforması vardı. Həmin dövrdə işğal altında olan Qarabağa qanunsuz səfər edən və erməni separatçılarına dəstək verən bütün əcnəbilərin (parlamentarilər, ictimai fəallar, politoloqlar, jurnalistlər, blogerlər və b.) adları dərhal sözügedən “qara siyahı”ya salınırdı. Allaha həmd olsun ki, bu gün Qarabağ azaddır, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və həmin “qara siyahı”ya yeni əlavələr etməyimizə də artıq ehtiyac qalmayıb.

Lakin görünən budur ki, indi də başqa bir “qara siyahı” açmalı və həmin siyahıya isə İranın fars-molla rejiminin Azərbaycana qənim kəsilən rəsmilərinin, deputatlarının və hər qəbildən olan ideoloqlarının, dəstəkçilərinin adlarını daxil etməliyik. Bu siyahıda adı ilk sıralarda yer alacaq rejim köpəklərindən biri də Seyid Məhəmməd Mərəndidir. Tehran Universitetinin professoru olan bu şəxs SEPAH-ın ideoloqlarından sayılır və Azərbaycan Respublikasına qarşı ən qatı düşmən mövqeyi ilə fərqlənir. CNN, BBC və dünyanın digər nüfuzlu media platformalarında İranın hazırkı teokratik-molla rejiminin maraqlarını xüsusi canfəşanlıqla müdafiə edən Seyid Mərəndi son açıqlamalarından birində Azərbaycanı da hədəfə alıb. Belə ki, Mərəndi deyib ki, “əgər Azərbaycan İsrail və ABŞ ilə birlikdə İran əleyhinə siyasətini davam etdirərsə, bu rejim uzun sürməyəcək. Azərbaycandakı sionist rejim məhv ediləcək və onun yerini İranla dost olacaq yeni bir hökumət tutacaq. SEPAH bu məsələyə hazırdır – bu, cəmi bir neçə gün çəkə bilər”.

Göründüyü kimi bu açıqlamanın xüsusi şərh edilməsinə lüzum yoxdur. Çünki bu açıqlama ölkəmizə qarşı açıq-aşkar təhdid, hədə xarakteri daşıyır. SEPAH-ın “vəkil”i rolunda çıxış edən S.Mərəndi birbaşa müstəqil Azərbaycan dövlətini təhdid edib. İranın mövcud molla rejiminin ömrünə az qalsa da, lakin bu rejim qonşu ölkələrə, o cümlədən Azərbaycana, Türkiyəyə və hətta Ukraynaya qarşı təhdid diliylə danışmaqdan heç cürə əl çəkmək istəmir. Aqoniya vəziyyətində olan molla rejimi İbrahim Əzizi, Seyid Məhəmməd Mərəndi kimi təbliğat “rupor”larını qabağa verib danışdırır. Onlar da rejimə yarınmaq üçün ağızlarına gələni danışır, qonşu ölkələrə hərbə-zorba gəlirlər.

Əlbəttə, Mərəndi kimi rejim nökərlərinin bu səpkidə çıxışlarına əhəmiyyət verməmək də olar. Lakin məsələnin bir önəmli məqamı da ondan ibarətdir ki, qonşu ölkələrə və o cümlədən Azərbaycana qarşı bu cür sərt açıqlamalar məqsədli xarakter daşıyır. Başqa sözlə desək, Mərəndinin Azərbaycan əleyhinə açıqlaması təxribatçı xarakterlidir. Necə deyərlər, özü can verməkdə olan İran hakimiyyəti bu cür açıqlama və bəyanatlarla həm Azərbaycanı qorxutmağa çalışır, həm də təxribata çəkir. Hazırda davam edən İran-ABŞ (+İsrail) münaqişəsinin coğrafiyasını qəsdən genişləndirməyə çalışan SEPAH Azərbaycanı da intensiv raket və dron zərbələrinə məruz qoyduğu Körfəz ölkələrinin sırasına qatmağa çalışır. Və bu cür açıqlamalar da məhz SEPAH-ın Azərbaycana qarşı mümkün hücumlarına legitimlik donu qazandırmağa xidmət edir.

Bu gedişlə SEPAH-ın Azərbaycana qarşı “hürdürdüyü köpəklər”in sayı getdikcə daha da arta bilər. Diqqətli olmalı və önləyici tədbirlərimizi davam etdirməliyik. Mərəndilər isə bilməlidirlər ki, Azərbaycanın “qara siyahı”sına düşənlər sonradan peşman olurlar. Bəziləri sosial mediada Mərəndini “intellektual” kimi təqdim edirlər. Lakin əsl həqiqətdə isə Mərəndi intellektual yox, abdaldır. Çünki intellektual bir şəxs şərə xidmət etməz.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri

Seçilən
27
1
ictimairey.az

2Mənbələr