AZ

Əli Laricaninin ölümü İran üçün nəyi dəyişir?

İranşünas Nikita Smaqin hesab edir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü Tehran hakimiyyəti üçün ciddi itkidir və bu, ölkədə mötədil qüvvələrin yenidən önə çıxması ilə bağlı ümidlərə vurulan son zərbə ola bilər.

Bizim.Media xəbər verir ki, ekspertin sözlərinə görə, Laricani mühafizəkar düşərgəyə aid olsa da, sistem daxilində praqmatik fiqur sayılırdı. O, Kant fəlsəfəsi üzrə doktorluq müdafiə etmişdi, nüvə sazişini dəstəkləyirdi və ABŞ ilə dialoqun tərəfdarı kimi tanınırdı.
 

Smaqin qeyd edir ki, Laricani İran-İraq müharibəsində iştirak etsə də, sonrakı siyasi fəaliyyəti onu klassik hərbi xəttin nümayəndələrindən fərqləndirirdi. O, hərbçilərin irəli sürdüyü kadr deyildi və güc qanadı ilə assosiasiya olunmurdu. Əksinə, Laricani İran hakimiyyətində mülki texnokrat və siyasi idarəçi modelini təmsil edən azsaylı simalardan biri idi.


Ekspert onu İslam Respublikasının “ağ sümük” təbəqəsinin nümayəndəsi adlandırır — yəni savadlı, ölçülü-biçili və sistemə sadiq siyasətçi.

Smaqinin fikrincə, son dövrdə Laricani faktiki olaraq əsas idarəedici fiqurlardan birinə çevrilmişdi. Ekspert hesab edir ki, Əli Xamenei ABŞ və İsraillə müharibə ehtimalı fonunda əsas idarəçilik səlahiyyətlərini məhz ona həvalə etmişdi.
 

İranşünas vurğulayır ki, Laricanisiz sistem üçün vəziyyət daha çətin olacaq. Onun sözlərinə görə, təcrübə və nüfuz baxımından Laricaniyə bərabər fiqur demək olar ki, yoxdur. Bununla belə, Smaqin hesab edir ki, İslam Respublikası dağılmayacaq, amma Laricaninin yerini çox güman ki, daha radikal və daha az səriştəli şəxslər tutacaq.


Qeyd edək ki, Laricaninin ölümü barədə məlumatı İsrail tərəfi açıqlayıb, İran isə bunu hələlik rəsmi şəkildə təsdiqləməyib. (Minval.az)

Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr