AZ

“Blok imtahanının sualları mütləq asanlaşdırılmalıdır” - AÇIQLAMA

"Bu buraxılış imtahanlarının son iki ildə keçirilənlərdən qat-qat çətin olduğu haqda təxmini məlumat verə bilərəm. Əsas məlumatlar Dövlət İmtahan Mərkəzi ümumi buraxılış imtahanı statistikasını elan etdiyi zaman müəyyənləşəcək".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi.

"Əvvəlki 2024-cü ildə buraxılış imtahanında 55 abituriyent maksimal 300 bal toplayıb. 2025-ci ildə bu say 45 nəfər olub. Bu il isə görək neçə nəfər olacaq. Mən hesab edirəm ki, bu il olarsa, say çox aşağı olacaq. Çünki hal-hazırda maksimal bal toplayan abituriyent sosial platformada belə rast gəlinmir. Yəni hər hansı bir abituriyent "mən maksimal bal toplamışam" deyə belə bir mesajına hazırda rast gəlməmişəm. DİM blok imtahanının suallarını mütləq asanlaşdırmalıdır. Asanlaşdırmadığı təqdirdə müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı da azala, dövlətin verdiyi plan yerləri də tam dolmaya bilər. Bu da böyük bir risk olar. Ona görə də hesab edirəm ki, ən optimal variant blok imtahanında sualların asanlaşdırılmasıdır. Suallar asan olarsa, bu, buraxılış imtahanındakı çətinliyi tənzimləyə bilər", - deyə o qeyd etdi.

Qeyd edək ki, 11-ci siniflər üçün buraxılış imtahanlarının çətin keçdiyi haqda çoxsaylı şikayətlər olmasına baxmayaraq, DİM-in sədri Məleykə Abbaszadə oxu.az saytına müsahibəsində iddiaları təkzib edib.

Aytəkin TOFİQQIZI

Seçilən
57
redaktor.az

1Mənbələr