AZ

Böyük oyun indi başlayır: Yaxın Şərqdə kim qazanacaq?

Yaxın Şərqdə vəziyyət daha da gərginləşəcək. Ekspertlər hesab edirlər ki, hərbi toqquşmalar yeni aktorları cəlb edəcək. Siyasi və hərbi kontekstdən fərqli fikirlər səsləndirilsə də, müharibənin yaxın zamanda bitəcəyinə ümid azdır.

Beynəlxalq güclər arasında prioritetlərin dəyişməsi də diqqət çəkən məqamlardandır. Qərb ölkələrinin bir hissəsi diqqətini digər münaqişələrə yönəltdiyindən, Yaxın Şərqdə baş verən hadisələrə birbaşa müdaxilə meyli zəifləyib. Eyni zamanda regionda güc balansının dəyişməsi ehtimalı artır, müxtəlif dövlətlərin siyasi və hərbi maraqları daha açıq şəkildə toqquşmağa başlayır. Mövcud şərait isə onu göstərir ki, yaxın zamanda gərginliyin azalmasından çox daha mürəkkəb və uzunmüddətli qarşıdurma mərhələsinə keçid ehtimalı daha yüksəkdir.

emin_h.jpg

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Musavat.com-a şərhində bildirib ki, hazırda NATO-nun əsas dövlətləri - Almaniya, Fransa, İtaliya prosesə qarışmaq istəmir, onların diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlib. Çünki Donald Tramp ABŞ-də hakimiyyətə gəldikdən sonra Ukraynaya dəstək vermədi. Onun sözlərinə görə, buna görə də sözügedən ölkələr əlavə vəsait və qüvvə sərf etmək istəmirlər:

“ABŞ ard-arda quru döyüşlərində böyük itkilər verib - Vyetnam, İraq, Əfqanıstan müharibələrində nəticə ABŞ-nin istədiyi kimi olmadı. Artıq əhali də İraq, Suriya və Liviyaya gətirilən demokratiyaya inanmır. Hətta İran rejiminin əleyhinə olanlar belə sabitlik xətrinə İran hakimiyyətinin ətrafında birləşib. Hərçənd, ABŞ və İsrail əsas istəklərinə nail oldular - İranın hərbi obyektlərini vurdular, dini lider başda olmaqla, bir çox general sıradan çıxarıldı. Bununla yanaşı, İranın ərazisi böyükdür. İran 40 ildir ki, bu müharibəyə hazırlaşır: ötənilki 12 günlük müharibədən sonra müasir raket kompleksini gizlədə bilib, raketlərdən, pilotsuz uçuş aparatlarından istifadə edərək ABŞ-nin bölgədə olan bazalarına və İsrailə kifayət qədər zərbə endirib. İran artıq psixoloji həddi keçib. Uzun illər düşünülürdü ki, ABŞ və İsrail qısa müddətdə İranı çökdürəcək, rəhbərlik sıradan çıxarıldıqdan sonra isə əhali ayağa qalxacaq, rejimi dəyişəcək. Ancaq bunların heç bir olmadı.

ABŞ nüvə silahını təxminən 1 il ərzində əldə etmişdi, 1945-ci ildə Yaponiyaya atdıqdan sonra SSRİ buna 4 il ərzində nail oldu. Necə ola bilər ki, İran bu qədər müddət ərzində bunu əldə etməsin?”

Emin Həsənlinin fikrincə, Çin ABŞ-yə daha böyük zərbə vurmaq üçün İrana dəstək olacaq:

“ABŞ-nin bölgədən çəkilməsi Rusiya və Çinin xeyrinədir. Eyni zamanda Hörmüz boğazının bağlanması qısamüddətli dövr üçün Çin iqtisadiyyatına zərbə olsa da, nefti ehtiyatı mövcuddur. Bu isə ABŞ-nin nüfuzuna mənfi təsir edir. ABŞ 12 günlük İran-İsrail müharibəsində, Venesuelada, Əfqanıstanda, İraqda itirdiyi nüfuzu indi də İranda itirir. NATO parçalanır, Almaniya və Fransa ABŞ-ni eşitmir. Həmçinin, ABŞ kəşfiyyatı barədə mif də alt-üst olur. Rusiyanın Ukraynada zəiflədiyi kimi, ABŞ-nin də Yaxın Şərqdə zəifləməsi Çinin maraqlarına uyğundur. İndiki mərhələdə Çin İrana texniki, kəşfiyyat baxımdan dəstək verirsə, bir müddət sonra açıq-aşkar silah-sursat da verə bilər. Nəticədə müharibə daha da uzana bilər. Ən yaxşısı, ABŞ-nin 12 günlük müharibədə olduğu kimi, qələbə elan edib, İsrailə birgə müharibədən çəkilməsidir. Hərçənd, bundan sonra İranın sakitləşib-sakitləşməyəcəyi sual altındadır”.

Nigar Həsənli
Musavat.com

Seçilən
106
musavat.com

1Mənbələr