17 mart 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən meydanda xalqımızın zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri təşkil edilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ziyalıları, ağsaqqallar iştirak etmişlər. Bayram tədbiri yüksək təşkilatçılıq şəraitində və coşqulu əhval-ruhiyyədə keçirilmişdir.
Tədbir çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bayram münasibətilə təşkil olunmuş sərgilərlə tanış olmuş, burada nümayiş etdirilən Novruz atributlarına, xalq sənətkarlığı nümunələrinə, milli mətbəx təamlarına və digər ekspozisiyalara baxış keçirmişdir.
Bayram proqramı Lənkəran Dövlət Dram Teatrının aktyor heyətinin iştirakı ilə təqdim olunan teatrlaşdırılmış səhnəciklər və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam etdirilmişdir. Proqram çərçivəsində Novruzun rəmzi personajları olan Bahar qızı, Kosa və Keçəl obrazlarının iştirakı ilə maraqlı və məzmunlu çıxışlar nümayiş olunmuşdur.
Tədbirin davamında rayon rəhbəri Araz Əhmədov el ağsaqqalı Dədə Qorqud obrazı ilə birlikdə xeyir-dua verərək, rayon sakinlərini Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə təbrik etmiş, milli-mənəvi dəyərlərin qorunmasının və yaşadılmasının vacibliyini xüsusi vurğulamışdır.
Sonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, el ağsaqqalı Dədə Qorqud obrazı və şəhid övladlarının iştirakı ilə bayram tonqalının alovlandırılması mərasimi keçirilmişdir.