AZ

Aqrar Universitetdə bayram tonqalı qalanıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Gəncə, 17 mart, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Mühəndislik” tədris binasının həyətində xalqımızın ən qədim və sevilən bayramlarından olan Novruz münasibətilə şənlik keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şənlikdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və qazilər iştirak ediblər. Bayram şənliyi çərçivəsində fakültələr tərəfindən milli adət-ənənələrimizi əks etdirən müxtəlif stendlər nümayiş olunub, Novruz atributları – səməni, xonça və milli şirniyyatlar, həmçinin tələbələrin əl işləri təqdim olunub.

Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov tələbələri və kollektiv üzvlərini Novruz bayramı münasibətilə təbrik edib, bu bayramın xalqımızın milli-mənəvi dəyərlərinin, birlik və həmrəyliyinin rəmzi olduğunu vurğulayıb.

Tədbirin bədii hissəsində tələbələrin ifasında musiqi və rəqs nömrələri təqdim olunub, milli folklorumuzu yaşadan çıxışlar böyük maraqla qarşılanıb. Bayramın əsas simvollarından olan Kosa və Keçəl obrazları isə şənliyə xüsusi rəng qatıb.

Sonda tədbir iştirakçıları bayram tonqalı ətrafında toplaşaraq Novruz ənənələrinə uyğun olaraq tonqalı alovlandırıblar.

Müxbir - Elcan Məmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
azertag.az

1Mənbələr