Bu gün Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurda tikinti -quruculuq işlərini sürətləndirməklə keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına qovuşdurmaqdır. Təbii ki, bu erməni vandaliziminin 30 illik işğalı nəticəsində yurdlarımıza vurduğu ağır yaraların tezliklə sağalması deməkdir.
Xatırladaq ki, postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə tikinti-quraşdırma işlərinə on milyardlarla manat xərclənib. Yəni, 2020-ci ildən 2026-cı ilə qədər azad edilmiş ərazilərin bərpası üçün 25 milyard manatdan çox vəsait ayrılıb. Bunun da 3,5 milyard manatı 2026-cı il büdcəsində nəzərdə tutulub. Dövlət rəsmilərinin sözlərinə görə, bu vəsaitlərin əksəriyyəti orta və uzunmüddətli perspektivdə iqtisadiyyat üçün əhəmiyyətli əlavə dəyər yaradacaq infrastruktur layihələrinə yönəldilir.
Bu istiqamətdə 2025-ci ildə bütün maliyyə mənbələri hesabına 4 milyard 911.2 milyon manat vəsait sərf edilib. Ötən il Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 21 milyard 226.1 milyon manat vəsait yönəldilib ki, bunun da 16 milyard 18 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Beləliklə, hesabat dövründə azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin 30, 7 faizini təşkil edib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi raynlarında yalnız əhalinin məskunlaşması ilə kifayətlənməyən Azərbaycan dövləti, eyni zamanda, burada onloarın məşğulluğunu yüksək səviyyədə təmin etmək üçün iqtisadiyyatı da geniş şəkildə inkişaf etdirir. Yəni, paralel olaraq regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına tam reinteqrasiyası və dayanıqlı məşğulluğun təmin edilməsi əsas prioritetlər sırasındadır. Bu məqsədlə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkı yaradılıb.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Belə ki, parkların rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, elektrik enerjisi, su, kanalizasiya, fiber-optik rabitə, daxili avtomobil və dəmir yolu xətləri ilə təmin edilirlər. Bundan əlavə, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və gəlir vergilərindən, istehsal məqsədli texnika və texnoloji avadanlıqların idxalı zamanı isə ƏDV və gömrük rüsumlarından azad olunurlar.
Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda yerləşən sənaye parkları üzrə əlavə üstünlüklər də mövcuddur:Belə ki, burada 90 faizə qədər dövlət zəmanəti və 10 faiz subsidiya ilə güzəştli bank kreditləri, kommunal ödənişlərə 20 faizlik keşbek, dividend gəlirlərinin vergidən azad edilməsi, sosial sığorta haqları üzrə dövlət subsidiyası, mənfəət və kapitalın repatriasiyasının tam vergisiz həyata keçirilir. Bundan başqa, Nazirlər Kabinetinin müəyyən etdiyi siyahı üzrə xammal idxalında ƏDV və gömrük güzəştləri lə mövcuddur.
Xüsüsilə, 2026-cı il yanvarın 1-dən sözügedən ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödənişlərə də güzəştlər tətbiq edilir. Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması əsasən dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyyələşdirilir. Dövlət dəstəyinin davamı olaraq «Azərişıq» ASC-nin təklifi əsasında elektrik şəbəkəsinə qoşulma ilə bağlı mühüm güzəştlər müəyyən edilib.
Təbii ki, həmin güzəştlər sahibkarlara ciddi iqtisadi dəstək deməkdir. Yəni, bu, bir tərəfdən Qarabağ və Şərqi Zəngəzurda əhalinin məskunlaşmasını və iqtisadi reinteqrasiyanı sürətləndirəcək, digər tərəfdən isə işğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artıraraq sahibkarlıq mühitini daha da canlandırır.
Elçin Zaman, "İki sahil"