
2026-cı ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetində “Novruz Ənənəsi: Baharın Yaşıl Nəfəsi” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər Təşkilatının və Bələdiyyə sədrləri, MDU-nun rektoru Anar Eminov, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun və şəhid ailələrinin üzvləri, universitetin akademik və inzibati heyəti, tələbə və magistrantlar iştirak ediblər.
Tədbir Mingəçevir Dövlət Universiteti, Kanal S və ELTv telekanallarının birgə təşkilatçılığı ilə universitetin əsas tədris binasında baş tutub.
Bayram proqramından əvvəl universitetin həyətində fakültə və şöbələr tərəfindən hazırlanmış Novruz stendlərinə baxış keçirilib. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən milli elementlər, ənənəvi mətbəx nümunələri və folklor atributları ilə bəzədilmiş stollarda ölkənin zəngin mədəni irsi nümayiş etdirilib. Bu stendlər milli dəyərlərin qorunması və təbliği ilə yanaşı, təbiətə və ənənələrə hörmət ideyalarını əks etdirərək dayanıqlı inkişaf yanaşmasına uyğun mədəni və ekoloji mesajlar təqdim edib.
Tədbirin açılış nitqi ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılov Novruz bayramının Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, birlik və həmrəylik ruhunu əks etdirən ən mühüm bayramlardan biri olduğunu vurğulayıb. O, Mingəçevir Dövlət Universitetinin kollektivini Novruz bayramı münasibətilə təbrik edərək universitetdə keçirilən bu kimi tədbirlərin milli irsin yaşadılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyətin mədəni inkişafına töhfə baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış edərək Novruz bayramının təbiətin oyanışını, yenilənməni və insanın təbiətlə harmoniyasını simvolizə etdiyini bildirib. Rektor qeyd edib ki, tədbirin “Baharın Yaşıl Nəfəsi” adı ilə keçirilməsi təsadüfi deyil və bu yanaşma müasir dövrdə dayanıqlı inkişaf ideyaları ilə milli ənənələrin vəhdətini əks etdirir. A.Eminov Novruzun insanları birlik, həmrəylik və paylaşma dəyərləri ətrafında birləşdirdiyini vurğulayaraq universitet kollektivini və tələbələri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbir bədii-konsert proqramı ilə davam edib. Konsert proqramında tanınmış müğənnilərin ifasında vətənpərvərlik ruhunda, eyni zamanda Novruz bayramının sevinc və bahar ovqatını əks etdirən musiqilər səsləndirilib. İfa olunan nəğmələr tədbir iştirakçılarına bayram əhval-ruhiyyəsi bəxş edib və milli-mədəni dəyərlərin təbliğinə töhfə verib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində keçirilən bu kimi tədbirlər milli ənənələrin qorunması və təbliği ilə yanaşı, gənclərdə ekoloji düşüncə, mədəni müxtəlifliyə hörmət və dayanıqlı inkişaf dəyərlərinin formalaşdırılmasına xidmət edir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər universitetin sosial məsuliyyət və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.






