Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransanın Strasburq Universitetinin prezidenti Frederik Berrod ilə görüş keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru dosent Rüfət Əzizov ilə keçirilən görüşdə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) ikili diplom proqramının icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı UFAZ-ın transmilli təhsil sahəsində unikal model olduğu vurğulanıb. Eyni zamanda, UFAZ məzunlarının əldə etdikləri uğurlar, onların karyera inkişafı, hazırda həm ADNSU-da, həm də UFAZ-da pedaqoji və elmi-tədqiqat fəaliyyətinə cəlb olunmaları barədə məlumat verilib.
ADNSU-nun rektoru dosent Rüfət Əzizov universitetin əsas fəaliyyət istiqamətləri barədə ətraflı təqdimatla çıxış edib. Qeyd olunub ki, 10 il əvvəl təsis edilmiş UFAZ fəaliyyətini əsaslı şəkildə genişləndirib. Burada bakalavriat və magistratura səviyyələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır.
Strasburq Universitetinin prezidenti Frederik Berrod rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bir sıra universitetlərlə geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu bildirib. O, UFAZ-ın beynəlxalq əməkdaşlıq çərçivəsində ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb və gələcəkdə iki ölkə arasında birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə xüsusi önəm veriləcəyini qeyd edib.
Qonaq görüşdən sonra universitetin Tarix və Mineralogiya muzeyləri, ADNSU və UFAZ-ın tədris binaları ilə tanış olub. O, tədris və elmi-tədqiqat mühitini, laboratoriyalarda yaradılan şəraiti və aparılan elmi-tədqiqat işlərini yüksək qiymətləndirib.










Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.