AZ

Aqrar sektorda peşə bacarıqlarının inkişafı və özünüməşğulluğun təşkili prioritet istiqamətlərdən biridir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin prioritet istiqamətlərindən biri aqrar sektorda məşğul əhalinin peşə bacarıqlarının inkişafı və işsiz və işaxtaran şəxslərin özünüməşğulluğunun təşkilidir.

QHT.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Cəlilabad rayonunda keçirilən Aqrar Biznes Festivalının açılış tədbirində bildirib.

O, Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər sosial sahədə həyata keçirilən ardıcıl islahatların uğurlarını diqqətə çatdırıb. Bu islahatların sosial ödənişlərdə ciddi artımlara,  sosial müdafiə mexanizmlərinin əhatə dairəsinin genişlənməsinə, göstərilən dövlət xidmətlərinin operativ, şəffaf və vətəndaş mərkəzli prinsiplər əsasında təşkilinə imkan verdiyini qeyd edib.

Anar Əliyev Nazirlik tərəfindən aqrar sektorla bağlı həyata keçirilən aktiv məşğulluq tədbirlərindən bəhs edib. Nazir bildirib ki, kənd təsərrüfatı sahəsində çalışan şəxslərin peşə bilik və bacarıqlarının artırılması, habelə işsiz və işaxtaran şəxslərin aqrar istiqamət üzrə yeni peşə səriştələrinə yiyələnməsi məqsədilə Nazirlik tərəfindən 30-dan çox peşə hazırlığı kursu təşkil olunur.

Aqrar sahəyə aid 128 peşə və kvalifikasiya standartları hazırlanıb. Bu standartlar beynəlxalq əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin hazırlanmasına və bacarıqlarının artırılmasına, habelə işəgötürənlər üçün ixisaslı işçi qüvvəsinin seçiminə xidmət edir.

Son beş il ərzində özünüməşğulluq proqramı iştirakçılarının 65 faizinin proqram üzrə aqrar sahədə kiçik təsərrüfatlarının qurduğunu qeyd edən Anar Əliyev artıq özünüməşğulluq proqramına 110 mindən çox şəxsin cəlb olunduğunu deyib. O, aqrar sahədə dayanıqlı və formal məşğulluğun genişləndirilməsi istiqamətində də tədbirlərin davam etdirildiyini bildirib.

Qeyd edək ki, Aqrar Biznes Festivalında fəal iştirakına və tədbirin təşkilinə göstərdikləri dəstəyə görə bir sıra qurum və təşkilatların nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.

Həmçinin tədbir iştirakçıları Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində təşkil olunan “Bootcamp” proqramının iştirakçıları ilə görüşüblər. “Bootcamp” iştirakçıları hazırladıqları layihələr və aqrar sahədə innovativ texnologiyaların tətbiqi imkanları ilə bağlı təqdimatlar ediblər.

Seçilən
43
qht.az

1Mənbələr