AZ

Dünya rekord aclıqla üz üzə: Üç yüz milyon insan yeməyə çörək tapmayacaq

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yaxın Şərqdə, xüsusilə İran ətrafında artan gərginlik qlobal miqyasda ciddi humanitar fəsadlara yol aça bilər. Beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, münaqişənin dərinləşməsi yalnız region ölkələrinə deyil, həm də dünyanın müxtəlif bölgələrində ərzaq təhlükəsizliyinə mənfi təsir göstərəcək. Enerji və logistika zəncirlərində mümkün pozuntular artıq bazarlarda qeyri-sabitlik yaradıb və bu tendensiyanın davam edəcəyi ehtimal olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” Ümumdünya Ərzaq Proqramına istinadən məlumat yayıb.

Məlumata görə, İran ətrafında münaqişənin davam etməsi qlobal ərzaqla bağlı vəziyyəti kəskin şəkildə pisləşdirə bilər. Belə ki, əgər eskalasiya ilin ortalarına qədər dayandırılmasa, əlavə olaraq 45 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşəcək. Bu halda, qeyri-sabit ərzaq təminatından əziyyət çəkən insanların ümumi sayı 363 milyona çata bilər.

BMT-nin qiymətləndirməsinə görə, əsas risk faktorlarından biri Hörmüz boğazı vasitəsilə gəmiçiliyin pozulmasıdır. Eyni zamanda, Qırmızı dənizdə daşımalar üçün təhlükələrin artması da qlobal təchizat zəncirinə mənfi təsir edir. Müharibə şəraiti yanacaq və gübrə qiymətlərinin artmasına səbəb olur ki, bu da Yaxın Şərqdən kənarda belə ərzaq bazarlarına təzyiqi gücləndirir.

Ümumdünya Ərzaq Proqramının icraçı direktorunun müavini Karl Skau bildirib ki, münaqişə davam edərsə, bu, bütün dünyada “şok dalğaları” yaradacaq və ən çox zərər artıq ərzaq almaqda çətinlik çəkən ailələrə dəyəcək.

Artıq Fars körfəzi regionunda logistika problemləri özünü göstərməyə başlayıb. Bu vəziyyət xüsusilə Sudan və Somali kimi həssas ölkələrdə əsas ərzaq məhsullarının qiymətinin sürətlə artmasına gətirib çıxarır. Ən böyük risk altında isə idxaldan asılı olan Afrika ölkələridir. Proqnozlara görə, bu regionlarda ərzaq çatışmazlığı yaşayan insanların sayı daha 20 faiz arta bilər.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
globalinfo.az

1Mənbələr