AZ

PFL Tovuz şəhər stadionunun son durumunu açıqladı – problemə nə səbəb olub?

Tovuz şəhər stadionunun ot örtüyünün premyer-liqa oyunları üçün yararsız halda olması “Turan Tovuz”un ev oyunlarını əvvəlcə “Azərsun Arena”da, sonradan isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməyə məcbur olmasını şərtləndirdi.

Əslində “bozqurd” martın 21-də 25-ci turda “Qəbələ”yə qarşı oyunu doğma meydanda keçirməliydi. Lakin problem hələ davam edir.

Ümumi durumu öyrənmək məqsədilə PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Tovuz şəhər stadionundakı durum Peşəkar Futbol Liqasının mütəxəssislərinin rəyinə, həmçinin ot örtüyünə cavabdehlik daşıyan şəxslərin hesabatına əsasən müəyyənləşib. Mütəxəssis hesabatında arenadakı təbii ot örtüyünün hələ matçları qəbul etməyə hazır olmadığını təsdiqləyib: Tovuz şəhər stadionunun otu 2025-ci ilin sentyabrında əkilib. Noyabrda bölgədəki havaların soyuması ot toxumlarının inkişafının sürətinə təsir edib. Bu üzdən də ot örtüyü öncədən gözlənilən vaxt üçün hazır olmayıb. Stadionun ot örtüyünün aprelin ortalarında hazır vəziyyətdə ola biləcəyi təsdiqlənib. Odu ki, biz ora yenidən baxış keçirəcəyik. Baxışın nəticəsinə uyğun olaraq “Turan Tovuz”un Tovuz şəhər stadionunda oynayıb-oynamayacağına qərar verəcəyik”.

Xatırladaq ki, 26-cı turdan etibarən “bozqurd”un ev oyunlarının Tovuz şəhər stadionunda keçirib-keçirməməsinə yenidən baxılacaq.

KƏNAN BAHADIR
Seçilən
60
1
football-plus.az

2Mənbələr