Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveçrə Milli Bankı (mərkəzi bank) 5,2 milyard frankla müdaxilə edib.
Banco.azxəbər verir ki, İsveçrə Mərkəzi Bankı (SNB) 2025-ci ilə dair illik fəaliyyət hesabatını yayımlayıb. Hesabata əsasən, Bank 2025-ci ildə ümumilikdə 5,2 milyard İsveçrə frankı həcmində valyuta alışı həyata keçirib.
Bu məbləğ 2024-cü ildə qeydə alınmış 1,2 milyard franklıq xalis valyuta alışından təxminən 4 dəfə çoxdur.
“SNB” tərəfindən verilən açıqlamada qeyd olunub ki, bu alışlar uyğun pul-kredit şəraitinin təmin edilməsi baxımından mühüm rol oynayıb və frankın həddindən artıq dəyər qazanmasının iqtisadiyyata mənfi təsirlərini məhdudlaşdırmaq məqsədi daşıyıb.
“SNB” ötən il qızıl ehtiyatlarının yenidən qiymətləndirilməsi sayəsində 26,1 milyard İsveçrə frankı məbləğində mənfəət açıqlayıb. Qızılın unsiya qiymətində il ərzində müşahidə olunan təxminən 46 faizlik artım Bankın qızıl ehtiyatlarında 36,3 milyard franklıq qiymətləndirmə qazancı yaradıb. Bununla yanaşı, İsveçrə frankının dollar qarşısında möhkəmlənməsi və məzənnə dəyişikliklərinin təsiri nəticəsində Bankın valyuta mövqelərindən 8,8 milyard frank zərər qeydə alınıb.
Dünyanın ən aşağı faiz dərəcəsi İsveçrədədir
Bank İsveçrə iqtisadiyyatının rəqabət qabiliyyətini qorumaq məqsədilə genişləndirici pul siyasətini davam etdirir. Hazırda 0 faiz səviyyəsində olan uçot dərəcəsi iri iqtisadiyyatlar arasında ən aşağı göstərici olaraq qalır.
Bizi sosial şəbəkələrdən izləyin!!