AZ

Bakıdakı “iPhone” həvəskarlarına qarşı qeyri adi tələ ... Ehtiyatlı olun!

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

“iPhone” həvəskarı olan, lakin bu telefonun yenisini almağa imkanı çatmayan bir sıra şəxslər var ki, onlar istifadə edilmiş, lakin yaxşı vəziyyətdə olan telefonları daha ucuz qiymətə almağa üstünlük verirlər. Lakin bu seçim də risksiz deyil. Təkcə ona görə yox ki, əvvəlki sahibinin telefonu pis vəziyyətdə sataraq, keyfiyyət məsələsində alıcını aldatmaq ehtimalı var.

Bizimyol.info xəbər verir ki, Bakıda “lalafo”, “tap.az” kimi alqı-satqı saytlarından işlənmiş “iPhone” almaq istəyən xeyli adam aldadılıb. Onlar telefon üçün pul ödəsələr də, nə telefonu ala biliblər, nə də pulları geri qayıdıb.

20 yaşlı Elmar alqı-satqı saytlarında mobil telefon mağazalarının satış elanları olan “iPhone” telefonlarının şəkillərini götürüb, özü həmin fotoları yenidən paylaşıb. Özünü də o telefonların sahibi kimi təqdim edib. Həmçinin elanını götürdüyü mobil telefon mağazalarına gedib, satıcılarla söhbət edib. Onlara deyib ki, tanışını göndərəcək, pulunu verib, telefonu götürəcəklər. Onun paylaşdığı elana görə ona zəng edib, telefonu almaq istəyən alıcıya isə özünü həmin mağazada işləyən şəxs kimi təqdim edib. Deyib ki, telefonu almaq istəyirsə, filan ünvanda yerləşən mağazaya gəlsin, karta pulu köçürsün, telefonu götürsün.

Elmarın elanlarını görən o telefonları almaq istəyən zərərçəkmişlərdən biri mağazaya gedib, həmin telefonu götürüb, baxıb, görüb ki, elanda gördüyü eyni telefondur. Sonra Elmarın ona verdiyi karta pulu göndərib. Telefonu götürüb getmək istəyəndə satıcı tutub saxlayıb. Deyib ki, pulu ödəməyib. O isə bildirib ki, karta pul köçürüb. Bunun sübutunu da satıcıya göstərib. Sonra Elmarla əlaqə saxladığı nömrə ilə əlaqə saxlamaq istəyəndə görüb ki, pul köçürülən kimi onu bloka atıb. Bu zaman başa düşüblər ki, əvvəlcədən mağazaya gəlməsi və satıcı ilə danışması da, onu ora göndərməsi də dələduzluq planının tərkib hissəsi olub.

Zərərçəkmişlərin əksəriyyəti bu cür üsullarla aldadılıb.

Elmar aldatdığı şəxslərin heç birinə öz adını düz deməyib. O, adını gah Əli, gah Rəvan kimi təqdim edib. Onunla əlaqəda saxlanılan telefon nömrələrinə gəlincə, Elmar ifadəsində bildirib ki, həmin nömrə tanışının adına olub: “Tanışıma demişdim ki, mənim şəxsiyyət vəsiqəm yoxdur, telefon nömrəsi alsın mənim üçün. Onun xəbəri yox idi ki, nə məqsədlə istifadə edəcəm”.

“iPhone” almaq istərkən aldadılan şəxslər Elmardan şikayətçi olub və onun cəzalandırılmasını istəyib.

2025-ci ilin sentyabrından həbsdə olan 20 yaşlı Elmar Səbail Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq – təkrar törədildikdə) maddəsi ilə təqsirli bilinib və 2 il azadlıqdan məhrum edilib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
bizimyol.info

1Mənbələr