
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Aİ Şurasının sədri Antonio Kosta "Drujba" kəmərindəki kəsintidən sonra Macarıstan və Slovakiyaya neft nəqlini yenidən təmin etmək üçün işlərin sürətləndirildiyini açıqlayıblar.
AFN.az xəbər verir ki, tərəflər Rusiyadan Ukrayna vasitəsilə Mərkəzi Avropaya xam neft daşıyan boru kəmərinin vəziyyəti ilə bağlı birgə bəyanat yayıblar.
Qeyd edək ki, Rusiyanın 27 yanvarda həyata keçirdiyi hücumlar nəticəsində "Drujba" boru kəməri zədələnib və Macarıstan ilə Slovakiyaya neft tədarükü dayanıb. Brüssel kəmərin təmiri üçün Ukraynaya texniki dəstək və maliyyə yardımı təklif edib. Ukrayna tərəfi bu təklifi müsbət qarşılayıb və avropalı mütəxəssislərin dərhal işə başlamağa hazır olduğu bildirilib.
Aİ Komissiyası gələcəkdə asılılığı azaltmaq üçün Rusiya mənşəli olmayan xam neftin regiona çatdırılması məqsədilə alternativ marşrutlar üzərində də çalışır. Lakin bu texniki problem həm də ciddi siyasi böhrana çevrilib.
Budapeşt və Bratislava hökumətləri Ukraynanı neft axınını bərpa etmək üçün kifayət qədər səy göstərməməkdə ittiham edir. Cavab tədbiri olaraq hər iki ölkə Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq Aİ kreditini dondurub və Rusiyaya qarşı tətbiq edilməsi planlaşdırılan 20-ci sanksiyalar paketini bloklayıb.