AZ

"Yurdumuza bayramlar qoşa gəlir"- Masallıda Novruz təntənəsi

17 mart 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda xalqımızın qədim və zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Bayram şənliyi Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ziyalıları, ağsaqqallar və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin könüllülərinin iştirakı ilə yüksək əhvali-ruhiyyədə baş tutub. Tədbir çərçivəsində əvvəlcə rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov bayram münasibətilə təşkil olunmuş meydanda Novruz atributları, xalq sənətkarlığı nümunələri, milli mətbəx təamları və müxtəlif sərgilərlə tanış olub. Şənlik Lənkəran Dövlət Dram Teatrının aktyor heyətinin çıxışları və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam etdirilib. Proqram çərçivəsində Novruzun rəmzləri olan Bahar qız, Kosa və Keçəl obrazlarının iştirakı ilə maraqlı səhnəciklər təqdim olunub.

Tədbirin davamında rayon rəhbəri Araz Əhmədov el ağsaqqalı Dədə Qorqud obrazı ilə birlikdə xeyir-dua verərək, qədim ənənələrimizi və milli-mənəvi dəyərlərimizi yaşadan əziz Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə rayon sakinlərini təbrik edib. Sonda A.Əhmədov el ağsaqqalı Dədə Qorqud obrazı və şəhid övladları ilə birlikdə bayram tonqalını alovlandırıblar.

Ümumrayon Novruz tədbiri sakinlərə xoş bayram ovqatı bəxş edib, eyni zamanda milli ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Seyran CAVADOV, 

"Azərbaycan" 

Seçilən
5
1
azerbaijan-news.az

2Mənbələr