Siyasi mübarizəni şəxsi və ailə müstəvisinə gətirənlər yanılırlar və belələri gec-tez məhvə məhkumdurlar. Necə ki, bu günlərdə Dövlət Təhlükısizlik Xidməti Prezident İlham Əliyevin ailəsini şantaj edənləri ifşa edərək onları saxlayıb. Əslində bəlkə də bir çoxları buna sıradan, təsadüfi hal kimi yanaşırlar. Ancaq hesab edirəm ki, bu sıradan bir hal deyil və bu şəbəkənin arxasında duran şəxslər də var. Onlar yalnız xaricdə özlərinə sığınacaq tapmış söyüşcül müxalifət və ya mühacirlərdən, tərbiyəsiz sosial şəbəkə istifadəçilərindən ibarət deyil. Onlar həm də vaxtı ilə dövlətin çörəyini yeyib, hakimiyyətin imkanlarından yetərincə yararlanıb, yol verdikləri nöqsanlara görə vəzifədən uzaqlaşdırıldıqdan sonra bütün dəyərlərini itirərək söyüşcül ünsürlərə məlumat ötürən sabiq məmurlardan ibarətdir. Necə ki, Ramiz Mehdiyev işində bir çox mətləblər aydınlaşdı, ümid edirəm ki, bu prosesin ətraflı araşdırılması zamanı məlum cinayətin digər iştirakçıları da ifşa edilərək cəmiyyətə açıqlanacaq.
Bu kimi hallar milli mentatlitetimizə zidd bir haldır. Azərbaycanda ailə dəyələri ən üst səviyyədə qorunur, ona böyük hörmətlə yanaşılır. Milli mentalitetimiz hər zaman ailə dəyərlərinə hörməti özündə ehtiva edir, şəxsi həyatı qorumağa üstünlük verir. Bu, tarixən formalaşmış prinsiplər, dəyərlərdir və cəmiyyətimizin mənəvi dayaqlarını təşkil edir. Ona görə də hər hansı şəxsin şantaj və ya təzyiqə məruz qalması bu dəyərlərlə açıq şəkildə ziddiyyət təşkil edir. Bu sıraya istər adi vətəndaş, istərsə də dövlət rəhbəri daxildir.
Cəmiyyətimizdə bu cür mənfi halın baş verməsi həm də mənəvi deqradasiyanın göstəricisidir. Bu cür davranışlar cəmiyyət daxilində etimadsızlıq yaradır, insanlar arasında münasibətləri zədələyir və ümumi sağlam sosial mühiti pozur. Xüsusilə siyasi-ictimai fiqurların ailələrinin bu cür hallara məruz qalması, məsələni daha da həssas və təhlükəli edir.
İlham İsmayılov, ATXƏM sədri