AZ

Türkün qəhrəmanlıq dastanı Çanaqqala savaşı

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkün tarixi qanla yazılıb. Tarixdə qəhrəman Türk xalqı özünün milli kimliyini, sərhədlərini yağı düşmənlərdən qorumaq üçün amansız döyüşlərə qatılıb və hər zaman da misilsiz igidlik nümunələri göstərib. Belə döyüşlərdən biri də tarixin bu günündə - 1915-ci il martın 18-də başlayan və 1916-cı il yanvarın 9-dək davam edən Çanaqqala savaşıdır.

Bu dəhşətli savaş Antanta dövlətlərinin hərbi birləşmələri (Britaniya və Fransa) ilə Osmanlı ordusu arasında baş verib. On ay davam edən Çanaqqala savaşı qardaş ölkənin, bütün Türk dünyasının tarixinə qəhrəmanlıq dastanı kimi yazılıb. Bu gün Çanaqqala şəhidlərinin anım günüdür. Onların əziz xatirəsi hər il həm Türkiyədə, həm də Azərbaycanda böyük minnətdarlıq hissi ilə yad edilir.

Niyə məhz Çanaqqala?

Osmanlı dövlətinin zəifləməsini fürsət kimi dəyərləndirən Atlanta dövlətləri özlərinin geosiyasi məqsədlərinə nail olmaq istəyirdilər. Onların planı Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq məqsədilə boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətməkdən ibarət idi. Osmanlı dövlətinə məxsus boğazlar strateji baxımdan Antanta dövlətləri üçün ən əlverişli şans sayılırdı. Boğazların tutulması ilə həm də Türkiyənin Qara dənizdə hökmranlığına birdəfəlik son qoyulacaqdı.

Bəs müttəfiq qüvvələri hücum üçün niyə məhz Çanaqqala boğazını seçdilər? Bu onunla bağlı idi ki, Çanaqqala İstanbulu ələ keçirməyin ən real giriş qapısı sayılırdı. 1914-cü il noyabrın 3-də ingilis və fransız qüvvələri boğazın ağzına doğru yaxınlaşdılar. İngilislər Seddülbahir və Ərtoğrul qalalarını, fransızlar da Anadolu yaxtasında Qumqala və Orhaniyə qalalarını topa tutdular. İngilis sualtı qayıqları dekabrın 2-də boğaza girdi və 750 metr irəlidə yerləşən “Mesudiye” zirehli gəmisinə mərmi ataraq gəmini batırdı. Bundan sonra İngiltərə 1915-ci il yanvarın 28-də Osmanlı dövləti ilə döyüş qərarı verdi və bu qərara Fransa da qoşuldu.

Martın 18-də ingilis-fransız gəmiləri şiddətli atəşə başladılar. Mecidiyye və Hamidiyyə istehkamları ardıcıl atəşə tutuldu. Qüvvələr nisbəti fərqli olsa da, düşmən Osmanlı əsgərlərinin müqavimətini qıraraq İstanbulu və boğazları tutmaq niyyətini həyata keçirə bilmədi. Qumqala, Beşike, Bolayır, Seddülbahir, Anbumu, Qabatəpə, Conkbayır və Anafartalarda gedən döyüşlərdə hər iki tərəf çoxlu sayda itkilər verdi. Dənizdən hücumla Çanaqqalanı ələ keçirə bilməyəcəyini anlayan düşmən taktikanı dəyişərək Mustafa Kamal Paşanın dediyi kimi, Seddülbahirdən quruya qoşun çıxartdı.

1915-ci il aprelin 25-də adıçəkilən istiqamətdə quruya çıxarılan ingilis-fransız əsgərləri ilə Osmanlı ordusu arasında o dövrün ən qanlı döyüşləri başlayır. Başdan-ayağa qədər silahlanan çoxsaylı düşmən qarşısında Osmanlı əsgərlərinin sayı olduqca az idi. Bu zaman Mustafa Kamal Qocaçiməndə, Conkbayırda döyüşürdü. Ağır döyüşlər gedərkən əsgərlərin mərmilərinin bitdiyini görən Mustafa Kamal onlara süngülərini tüfənglərinə keçirməyi əmr etdi və “Mən sizə ölməyi əmr edirəm. Biz öldükdən sonra yerimizə digər qüvvələr, başqa komandanlar keçəcək”, - deyə bildirdi. Bu, bəlkə də tarix boyu görünmüş ən böyük sınaq və şərəf döyüşü oldu. Şəhid olan əsgərlərin yeri həmin an doldurulurdu. Tezliklə dekabrın 20-də Anafartalar və Arıburnu cəbhəsi, 1916-cı il yanvarın 8-9-da Seddülbahir düşmənlərdən azad edildi. Beləliklə, düşmənin birləşmiş qüvvələri geri çəkilmək məcburiyyətində qalaraq döyüş məkanını tərk etdilər.

Gələcək qurtuluş savaşının şərəfli başlanğıcı

Çanaqqala döyüşü həm də gələcək qurtuluş savaşının şərəfli başlanğıcı oldu. Dəniz və quru qoşunlarını əhatə edən və bütün çətinliklərə baxmayaraq, türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən Çanaqqala döyüşü Atatürk kimi bir dahini yetişdirmiş, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin olmuşdur. Hər biri ayrı-ayrılıqda qəhrəmanlıq nümunəsi sayılan döyüşlərdə itirilən insanların sayına və sosial mənşəyinə nəzər salanda mübarizənin bir ümumxalq mübarizəsi olduğuna heç bir şübhə qalmır. Bu döyüşdə əhalinin bütün təbəqələri iştirak edirdilər. Çoxlu sayda ziyalı həm vuruşur, həm də əsl vətənpərvərlik təbliğatını aparırdı. Bu da təbii ki, texniki imkanlar baxımından avropalılardan xeyli dərəcədə geridə olan türk ordusunun mənəvi qüdrətini və döyüş ruhunu nəzərəçarpacaq dərəcədə artırırdı. Pis silahlanmış, lakin son dərəcə döyüşkən və əzmkar olan türklərin o dövrün ən son hərbi nailiyyətlərindən istifadə edən avropalıları geri oturtması onların mərdlik və cəsurluğunun parlaq nümunəsi kimi qiymətləndirilməlidir. Təsadüfi deyildir ki, Çanaqqala savaşı bir qəhrəmanlıq dastanına çevrilib. Bu döyüşdə Osmanlı Türkiyəsi 253 min şəhid verdi. Döyüşdə əsas canlı qüvvə və texnika ilə iştirak edən ingilislər 205 min, fransızlar isə 47 min itkiyə məruz qaldılar. Bundan əlavə onların çoxlu sayda hərbi-texniki qüvvələri məhv edildi.

Çanaqqalada türk əsgərlərinin göstərdiyi mətinlik və cəsarət düşmən generallarını və siyasi xadimlərini belə heyrətə gətirmişdi. İngiltərənin baş naziri Uinston Çörçill “Türklər Çanaqqalada ən müasir silahlarla silahlanmış güclər qarşısında bir qala kimi dayanmışdılar”, ingilis generalı Oqlander isə “Türk əsgərlərinin döyüşdə göstərdikləri igidliklərin nəzərə alınmaması ingilislər üçün fəlakət oldu” demişdilər.

Çanaqqala savaşının iştirakçısı olan Azərbaycan könüllüləri

Çanaqqala savaşından bəhs edərkən Türk dünyasının həmrəyliyini xüsusi vurğulamaq lazımdır. Bu savaş yalnız Osmanlı Türkiyəsinin deyil, bütün Türk dünyasının savaşı idi.

O cümlədən hər zaman qardaşlıq ənənəsinə sadiq qalan Azərbaycan könüllüləri Çanaqqala döyüşünə qatılaraq Osmanlı əsgərləri ilə çiyin-çiyinə düşmən qüvvələrinə qarşı, vuruşmuşlar. Tarixi faktlara görə, 3 mindən çox azərbaycanlı türkçülük, İslam və Vətən uğrunda canlarından keçən 253 min məhmətçiklə eyni taleyi paylaşaraq qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
yeniazerbaycan.com

2Mənbələr