Azərbaycanın tanınmış alimlərindən biri, texnika elmləri doktoru Nazim Babayev zəngin və diqqətçəkən elmi fəaliyyəti ilə yadda qalıb.
NOCOMMENT.az Nazim Babayev haqqında maraqlı faktları təqdim edir.
1937-ci il iyulun 14-də Ordubad şəhərində dünyaya gələn Nazim Babayev hələ gənc yaşlarından elmi fəaliyyətə böyük maraq göstərib. O, Azərbaycan SSR-dən ABŞ-da staj keçmək üçün müraciət edən 360 alimdən biri olub və həmin müraciətçilər arasından seçilən 30 nəfərlik siyahıya düşməyi bacarıb.

ABŞ-da olduğu müddətdə Babayev Prinston şəhərində yaşayıb və Prinston Universitetində aparıcı professor kimi dərs deyib. O, burada məşhur fizik Albert Eynşteynin yaşadığı binada qalıb və onun ailə üzvləri ilə də tanış olub. Alimin xatirələrinə görə, təsadüfi söhbət zamanı tanış olduğu yaşlı qadının sonradan Eynşteynin qızı olduğu məlum olub.

Nazim Babayev ABŞ-da fəaliyyət göstərdiyi dövrdə daha bir maraqlı hadisə ilə yadda qalıb. O, ABŞ prezidenti Riçard Niksonun dəvəti ilə Ağ Evdə olub və prezidentlə görüşüb. Lakin bu görüş Sovet dövründə gizli saxlanılıb və ictimaiyyətə açıqlanmayıb. Babayevin sözlərinə görə, görüş zamanı ona müxtəlif hədiyyələr təqdim edilsə də, onların bir hissəsi SSRİ səfirliyi tərəfindən geri götürülüb. Hətta prezidentlə çəkdirdiyi fotoşəkil də ona qaytarılmayıb.
ABŞ-dan qayıtdıqdan sonra alim Neft-Kimya Avtomat İnstitutunda fəaliyyətini davam etdirərək “Radio dalğalı ölçü cihazları” laboratoriyasına rəhbərlik edib.
1982-ci ildə texnika elmləri doktoru elmi dərəcəsini alan Nazim Babayev sistemlərin nəzəri əsasları üzrə dissertasiyasını qapalı şəraitdə müdafiə edib.
Görkəmli alim 2014-cü ildə Sumqayıt şəhərində vəfat edib. Onun elmi fəaliyyəti və xatirələri Azərbaycan elmi mühitində bu gün də maraqla xatırlanır.