AZ

İki ölkənin Şaraaya verdiyi təklif Türkiyəni hərəkətə gətirdi

BAKI, 18 mart. TELEQRAF

ABŞ və İsrail İranda davam edən müharibə fonunda Suriya Prezidenti Əhməd Şaraaya təzyiq göstərərək, onun Livanda “Hizbullah”ın mövqelərinə hücum etməsinə nail olmağa çalışıblar. Amma Suriya lideri güzəştə getməyib və bu mövqeyində onu ərəb ölkələri və Türkiyə dəstəkləyib.

Teleqraf xəbər verir ki, bu barədə Livanın “L’Orient-Le Jour” qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, İranla münaqişə başlayandan sonra ABŞ nümayəndələri İsrail və Suriya rəsmiləri ilə təhlükəsizlik məsələləri üzrə bir sıra görüşlər keçiriblər. Onlar Suriyaya təzyiq edərək Livanın Bəka vadisinə daxil olub “Hizbullah”a zərbə endirməsini istəyiblər.

Suriya hakimiyyəti bu tələbi rədd edib. Onu bu mövqeyində Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyə dəstəkləyib. Bu ölkələr Vaşinqtondan Əhməd Şaraaya təzyiqləri dayandırmağı xahiş ediblər.

“Reuters” bundan əvvəl yazıb ki, ABŞ Suriyanı “Hizbullah”ın tərksilah edilməsinə kömək etmək üçün Livana qoşun göndərmə ehtimalını nəzərdən keçirməyə çağırıb. Dəməşq bu məsələdə tərəddüd edir, belə bir addımın məzhəblərarası gərginliyi artıracağından ehtiyatlanır. Livana müdaxilə ilə bağlı yekun qərar yoxdur və bu variant yalnız Beyrutla “Hizbullah” arasında münaqişə yaranacağı halda nəzərdən keçirilə bilər.

ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfir Tomas Barak isə Vaşinqtonun Dəməşqi Livana hərbi müdaxiləyə sövq etdiyi barədə məlumatı təkzib edib.

Martın 9-da Əhməd Şaraa bəyan edib ki, Suriya Livan hökumətinin “Hizbullah”ın tərksilah edilməsi və onun hərbi fəaliyyətinə qadağa qoyulması ilə bağlı qərarını dəstəkləyir. Həmçinin söyləyib ki, “Hizbullah”ın Suriya ərazisini atəşə tutmasından sonra Dəməşq sərhədin möhkəmləndirilməsi üçün tədbirlər görüb və ora əlavə qüvvələr göndərib.

Seçilən
37
teleqraf.com

1Mənbələr