AZ

Cəhənnəm planeti” kəşf edildi - 1500 dərəcəyə qədər qızır

Alimlər Günəş sistemindən kənarda indiyədək müşahidə olunmamış yeni tip planet kəşf ediblər.

Ekologiya.az “Qafqazinfo”-a istinadla xəbər verir ki, L 98–59 d adlanan bu səma cisminin səthi təxminən 1500 dərəcəyə qədər qızır və tamamilə ərimiş lava ilə örtülüb.

Oksford Universiteti tədqiqatçılarının apardığı araşdırmaya görə, planetin ən diqqətçəkən xüsusiyyəti onun daxilində yerləşən nəhəng maqma okeanıdır. Bu daimi lava dənizi planetin strukturunun böyük hissəsini təşkil edir və yüksək miqdarda kükürdün toplanmasına səbəb olur.

Tədqiqat nəticələrinə əsasən, planetin atmosferində hidrogen sulfid qazı üstünlük təşkil edir. Yer kürəsində bu qaz “xarab yumurta” qoxusu ilə tanınır. Alimlər bildirirlər ki, bu səbəbdən planet son dərəcə kəskin və xoşagəlməz qoxuya malikdir.

Araşdırma zamanı “James Webb” kosmik teleskopu və yerüstü rəsədxanalardan əldə edilən məlumatlardan istifadə olunub. Təhlillər göstərib ki, planetin sıxlığı ölçüsünə nisbətən qeyri-adi dərəcədə aşağıdır.

Əvvəllər belə obyektlərin ya hidrogenlə zəngin “qaz cırtdanı”, ya da buz və su dünyası olacağı düşünülürdü. Lakin yeni tapıntılar L 98–59 d-nin tamamilə fərqli – səthinin altında minlərlə kilometr uzanan maqma okeanı ilə xarakterizə olunan yeni planet sinfinə aid olduğunu göstərir.

Təxminən 35 işıq ili uzaqlıqda yerləşən və kiçik qırmızı ulduzun ətrafında dövr edən planetin yaşının 5 milyard il olduğu ehtimal edilir.

Alimlər hesab edirlər ki, bu tip maqma okeanlarının öyrənilməsi Yer kürəsinin erkən formalaşma dövrünü anlamaq üçün mühüm məlumatlar verə bilər. Çünki Yer də daxil olmaqla, qayalı planetlərin ilkin mərhələdə ərimiş səthə malik olduğu məlumdur.

Tədqiqatçılar vurğulayırlar ki, bu cür kəşflər təkcə uzaq planetləri deyil, həm də öz planetimizin tarixini daha dərindən anlamağa imkan yaradır.

Seçilən
27
4
ekologiya.az

5Mənbələr