AZ

Azərbaycanda tədbirlərin təşkili prosesində dayanıqlılıq prinsiplərinin sistemli tətbiqi təşviq olunacaq VİDEO

Bakı, 18 mart, AZƏRTAC

Bu gün təqdim olunan AZS ISO 20121 “Tədbirlərin dayanıqlığının idarəedilməsi sistemi” dövlət standartının qəbul edilməsi ölkəmizdə tədbirlərin təşkili və idarə olunması prosesində dayanıqlılıq prinsiplərinin sistemli tətbiqini təşviq edən mühüm bir təşəbbüsdür.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu standart son illər ərzində bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edərək qlobal əməkdaşlıq və dialoq üçün mühüm platformaya çevrilən ölkəmiz üçün xüsusilə aktualdır.

“Bu baxımdan, belə tədbirlərin beynəlxalq dayanıqlılıq prinsiplərinə uyğun şəkildə planlaşdırılması və idarə olunması xüsusi əhəmiyyət daşıyır. AZS ISO 20121 standartının milli standartlaşdırma fonduna daxil edilməsi isə Azərbaycanda məsuliyyətli və dayanıqlı tədbir idarəetməsi yanaşmasının inkişafına, həmçinin bu sahədə beynəlxalq qabaqcıl təcrübələrin tətbiqinə yeni imkanlar yaradır. Urbanizasiyanın qlobal səviyyədə sürətlə artdığı, dünyanın artan ekoloji təzyiqlər, demoqrafik dəyişikliklər və sosial bərabərsizliklər kimi ciddi çağırışlarla üzləşdiyi bir dövrdə resurslardan səmərəli və məsuliyyətli istifadə həm dövlət, həm də özəl sektor üçün xüsusi əhəmiyyət kəsb edir. Bu şəraitdə dayanıqlı yanaşmaların tətbiqi yalnız inkişafın təmin olunması deyil, həm də şəhərlərin davamlılığının qorunması baxımından çox vacibdir. Müasir dövrdə dayanıqlılıq artıq bir seçim deyil, qlobal inkişafın zəruri şərtinə çevrilib. Belə ki, dayanıqlılıq sosial-iqtisadi rifahın təmin edilməsi, ətraf mühitin qorunması arasında balans yaradaraq həm indiki, həm də gələcək nəsillər üçün inklüziv və davamlı inkişafın əsasını təşkil edir. Şübhəsiz ki, tədbirlər insanları bir araya gətirir, yeni ideyaların və əməkdaşlıqların yaranmasına şərait yaradır. Lakin eyni zamanda, bu tədbirlər resursların istifadəsi, tullantıların yaranması, müəyyən ekoloji və sosial təsirlərlə də müşayiət olunur. Bu baxımdan tədbirlərin təşkilində dayanıqlı prinsiplərinin tətbiqi onların cəmiyyət, iqtisadiyyat və ətraf mühit üçün müsbət nəticələr verməsini təmin etmək baxımından xüsusi əhəmiyyət daşıyır", - deyə komitə sədri qeyd edib.

Fotoqraf - Azər İbrahimov

Video - Namiq Abdullayev

Seçilən
45
1
azertag.az

2Mənbələr