Ufada Pasxa bayramında kilsədə terror planlaşdıran yeniyetmə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzindən verilən məlumata görə, Başqırdıstanın Ufa şəhərində yuxarı sinif şagirdlərini terror fəaliyyətinə cəlb edən yeniyetmə saxlanılıb.
Bildirilir ki, saxlanılan şəxs dinc sakinləri öldürmək məqsədilə Pasxa bayramı zamanı pravoslav kilsəsində özünü partlatmaqla terror aktı həyata keçirməyi planlaşdırıbmış.
Rusiya İstintaq Komitəsi tərəfindən həmin şəxsə qarşı terrorçuluq maddələri ilə ittiham irəli sürülüb.
Əlavə olaraq qeyd edək ki, son dövrlərdə yeniyetmələrin və gənclərin radikal qruplaşmalar tərəfindən sosial şəbəkələr vasitəsilə terror fəaliyyətlərinə cəlb edilməsi hallarına tez-tez rast gəlinir.
Hüquq-mühafizə orqanları gələcək faciələrin qarşısını almaq üçün bu istiqamətdə profilaktik tədbirləri və rəqəmsal nəzarəti daha da gücləndirirlər.
Xuraman Etibarlı
İnterpress.az