AZ

Kuba qaranlıqda:Ölkədə enerji böhranı yaşanır

Kuba tarixinin ən ağır enerji böhranlarından biri ilə üz-üzədir. Yerli sakinlərin sözlərinə görə, ölkədə baş verən genişmiqyaslı elektrik kəsintiləri artıq “ən pis blokaut” kimi qiymətləndirilir.

“İki sahil” xəbər verir ki, bu barədə “Kommersant" ada sakinlərinə istinadla məlumat yayıb.

ABŞ tərəfindən tətbiq olunan sanksiyalar, neft tədarükünün məhdudlaşdırılması, yanacaq, ərzaq və elektrik çatışmazlığı ölkədə ciddi iqtisadi böhrana səbəb olub.

The New York Times yazır ki, bu amillər Kubada iqtisadi kollaps riskini artırır.

Bununla belə, martın 18-də kubalı energetiklər ölkənin bir çox bölgəsində elektrik enerjisinin verilişini bərpa etməyə nail olublar. İşıq qərbdə yerləşən Pinar-del-Rio əyalətindən şərqdəki Olqin bölgəsinədək geniş ərazidə yenidən təmin edilib.

Mütəxəssislər hesab edir ki, mövcud vəziyyət ölkənin enerji sisteminin zəifliyini və xarici resurslardan asılılığını bir daha üzə çıxarır.

Kuba ilə bağlı hadisələrin Venesuela ssenarisinə bənzər şəkildə planlaşdırıldığı iddia olunur. Məlumata görə, Donald Tramp administrasiyası Kuba hökuməti daxilində agentlər axtarıb, onlara maliyyə dəstəyi göstərib və gizli danışıqlar aparıb.

"The Wall Street Journal" və "Axios" nəşrlərinin yazdığına görə, bu danışıqlar Kubanın sabiq prezidenti Raul Kastronun nəvəsi — Raul Gilermo Rodriges Kastro ilə aparılıb. İddialara əsasən, məqsəd ölkə daxilində siyasi təsir imkanlarını genişləndirmək və hakimiyyət daxilində əlaqələr qurmaq olub. Bu məlumatların rəsmi təsdiqi verilməsə də, xəbərlər beynəlxalq mediada geniş müzakirə olunmaqdadır.

Seçilən
13
ikisahil.az

1Mənbələr