Yaxın Şərqdə hazırda davam edən müharibə regionda təhlükəsizlik risklərini ciddi şəkildə artırır. ABŞ Prezidenti Donald Trampın İranın nüvə materiallarını nəzarətə götürmək planı ilə bağlı iddialar artıq geniş müzakirə olunur. Bu arada İranın Buşehr Atom Elektrik Stansiyası ərazisinə mərmi düşdüyü barədə məlumat yayılıb.
Bu cür hücumların təkrarlanacağı təqdirdə region üçün, xüsusilə də Azərbaycan kimi yaxın ölkələr üçün nüvə radiasiyası təhlükəsinin miqyası nə dərəcədə arta bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Yaxın Şərqdə vəziyyət daha da gərginləşib:
"Çox təəssüf ki, hər ötən gün bu vəziyyət o dərəcəyə çatır ki, idarəolunmaz proseslər baş verir. Dünən İsrail və ABŞ-nin birgə əməliyyatı nəticəsində İranın rəhbər şəxslərindən biri Əli Laricani həyatını itirib və bundan sonra İran İsrailin paytaxtı Təl-Əvivə zərbə vurub. Bu baş verənlər hər kəsi narahat etməlidir. Dünən Buşehr Atom Elektrik Stansiyası ərazisinə mərmi düşüb. Bu, çox təhlükəlidir. Nəzərə alsaq ki, Buşehr Atom Elektrik Stansiyası bizim bölgəyə yaxındır və Çernobıl qəzası zamanı 1986-cı ildə baş verən faciəni xatırlasaq, əlbəttə, bundan narahat olmalıyıq və prinsip etibarilə narahatıq. Bu vəziyyət onu deməyə əsas verir ki, İranın daxilində, eləcə də İsraildə və Amerikada müəyyən maraqlı qüvvələr var və onlar Azərbaycanı, Türkiyəni və digər bölgə ölkələrini bu prosesə cəlb etmək istəyirlər. Bu səbəbdən belə hücumlar həyata keçirilir. Bu, olduqca təhlükəlidir. Yenə də qeyd edirəm ki, heç kim zəmanət verə bilməz ki, sabah həmin atom elektrik stansiyasında baş verə biləcək zərbə nəticəsində yaranacaq faciə bizim bölgəni, cənub zonalarını, eləcə də Bakını əhatə etməyəcək".
Müsahibimiz hesab edir ki, hadisə ilə bağlı gün ərzində Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi və digər rəsmi şəxslər münasibət bildirəcəklər:
"Bu proses bu şəkildə davam edə bilməz. Hətta Rusiya-Ukrayna müharibəsi zamanı Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı MAQATE həyəcan təbili çalırdı. Bu narahatlıq ondan irəli gəlirdi ki, orada baş verə biləcək mümkün faciə təkcə Ukraynanı deyil, Avropanın bir çox ölkələrini də əhatə edə bilər və insanlar radiasiyaya məruz qala bilər. Bu məsələdə ABŞ da, İsrail də, İran da və Beynəlxalq Atom Enerjisi Agentliyi də öz məsuliyyətini dərk etməlidir. Açıq demək lazımdır ki, mətbuat bu məsələyə kifayət qədər diqqət ayırmır. Yaxın Şərqdə yüksək vəzifəli şəxslərin öldürülməsi prosesi daha da xaotik vəziyyətə sürükləyir. Bu səbəbdən bu məsələdə diqqətli olmaq lazımdır və öz tərəfimizdən narahatlıq Xarici İşlər Nazirliyi və digər dövlət qurumları vasitəsilə ifadə olunmalıdır. Müharibə aparan tərəflər, hər nə qədər çətin görünsə də, beynəlxalq hüququ nəzərə almalı və minlərlə, on minlərlə, yüz minlərlə insanı risk altına atmamaq üçün addımlar atmalıdırlar".
Nuriyyə NATİQQIZI