AZ

AQTA nın nümayəndəsi Romada keçirilən beynəlxalq tədbirdə iştirak edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 18 mart, AZƏRTAC

Martın 9-13-də Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mənzil-qərargahında Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının (IPPC) Fitosanitar Tədbirlər üzrə Komissiyasının 20-ci sessiyası (CPM-20) keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, hibrid formatda təşkil olunan sessiyada qlobal bitki sağlamlığının qorunması, təhlükəsiz beynəlxalq ticarətin təşviqi və fitosanitar sistemlərin gücləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə ölkəmizi AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət fitosanitar müfəttişi Elmar Allahverdiyev təmsil edib.

Sessiyada beynəlxalq fitosanitar standartların qəbulu və yenilənməsi, IPPC-nin 2020–2030-cu illəri əhatə edən strateji çərçivəsinin icrası, ePhyto sistemindən istifadənin genişləndirilməsi və fitosanitar sahədə rəqəmsallaşma məsələləri diqqət mərkəzində olub.

Bununla yanaşı, zərərvericilərin yayılmasının qarşısının alınması və risklərin idarə olunması, zərərverici risk analizi və nəzarət prosedurlarının təkmilləşdirilməsi, elektron ticarət və logistika ilə bağlı fitosanitar risklər, eləcə də iqlim dəyişikliyinin bitki sağlamlığına təsiri və erkən xəbərdarlıq sistemlərinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
122
azertag.az

1Mənbələr