AZ

“Əvvələr də quzu kəsilirdi, heyvanların sayı tükənirdi?” – DEPUTAT VƏ EKSPERT QARŞI-QARŞIYA

Quzu əti və erkən kəsim mövzusu yenidən gündəmdədir. 

“İri və xırdabuynuzlu heyvanların erkən kəsiminin qarşısının alınması vacibdir. Bu, onların artımının qarşısını alır. Artıq məlumdur ki, quzuların erkən kəsilməsi Azərbaycanın ət sahəsində idxaldan asılılığını daha da artırır”.

Bu sözləri “Yeni Sabah”a Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov məlum mövzuda danışarkən deyib.

Onun sözlərinə görə, bu sahədə fermerlər arasında maarifləndirici təbliğatın aparılmasına ciddi ehtiyac var:

“Məsələ ölkənin ərzaq təhlükəsiziyi baxımından xeyli önəmlidir. Qanunvericilik çərçivəsində bu halların qarşısının alınması olduqca məqsədəuyğun olar. Söhbət vətəndaşların, fermerlərin icbari qaydada, yaxud cərimə tətbiq edilməsi ilə cəzalandırılması məqsədindən getmir. Məqsəd sadəcə erkən kəsimlərin qarşısının alınmasıdır.

Bu baxımdan, təkcə cəza tədbirləri yox, həm də maarifləndirmə işi aparılmalıdır. Media və televiziya vasitəsi ilə heyvanların erkən kəsiminin gələcəkdə hansı problemlərə səbəb olduğu aşkar şəkildə izah edilməlidir.

Erkən kəsim halları daha çox fərdi formada heyvandarlıqla məşğul olan vətəndaşlarımızda qeydə alınır. Fikrimcə, bu məsələ qanun layihəsi formasında hazırlanıb, parlamentdə müzakirə oluna bilər”.

Aqrar məsələlər üzrə ekspert Allahverdi Mustafayev isə deputatın səsləndirdiyi fikirlərlə razı deyil.

Mütəxəssis vurğulayıb ki, heyvandarlığın qarşısında daha ciddi problemlər var:

“Düşünürəm ki, heyvanların, xüsusən də quzuların erkən yaşda kəsimi heyvandarlığın inkişafına heç də ciddi maneə deyil. Öz adət-ənənələrimiz var. Qoyundan kabab olar?! Azərbaycanlıların ən sevdiyi yeməklərdən biri quzu kababıdır. Quzunu kəsməklə, quzunun kökü kəsilmir. Eləcə də heyvandarlıq da inkişafdan qalmır. Heyvandarlığı inkişaf etdirmək üçün onun qarşısında duran fundamental problemləri həll etmək lazımdır.

Heyvandarlığın qarşısında duran əsas problemlərdən biri gənc nəslin bu sahəyə maraq göstərməməsidir. Hamı rahat iş axtarır. Əvvələr də quzu kəsilirdi, heyvanların sayı tükənirdi? Yox”.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Azərbaycanda heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi təklif olunub.

Hesabatda bildirilir ki, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üçün Dövlət Proqramı"nın layihəsində (Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış sözügedən Dövlət Proqramının layihəsi hazırda yekun razılaşdırılma (vizalanma) mərhələsindədir) iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, heyvanların yaşa və cinsə görə kəsiminin tənzimlənməsinə dair beynəlxalq təcrübənin araşdırılması hazırlanması tədbirləri nəzərdə tutulub.

Vurğulanıb ki, iri və xırdabuynuzlu heyvanlann erkən yaş və aşağı çəkidə, habelə cinsiyyəti nəzərə alınmaqla kəsilməsinə zərurət yaradan amillərin araşdırılması, bu cür heyvanların kəsilməsinin tənzimlənməsi üzrə qanunvericiliyə dair təkliflərin verilməsi, bu sahəni tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsi kimi fəaliyyətlər nəzərdə tutulub.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
24
3
yenisabah.az

4Mənbələr