AZ

Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasıı keçirilib





Martın 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə iki məsələ daxildir.
Əvvəlcə komitə sədri gündəliyin birinci məsələsini - Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.
Komitə sədri bildirib ki, qanun layihəsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlıdır. Layihə narkotik asılılığı olan şəxslərin müəyyən edilmiş fəaliyyət məhdudiyyətli peşə və vəzifələrə qəbulunun qarşısını almaq, bu sahədə işəgötürənlərin məsuliyyətini artırmaq və nəzarət mexanizmlərini gücləndirmək məqsədilə hazırlanıb.
Məsələ barədə məlumat verən Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qeyd edib ki, layihə çərçivəsində işə qəbul zamanı məcburi tibbi rəyin təqdim olunması, əmək fəaliyyəti dövründə isə zərurət yarandıqda işçilərin icbari tibbi müayinədən keçirilməsi nəzərdə tutulur. Bununla belə, tibbi müayinə nəticəsində şəxsin narkoloji xəstə olduğu müəyyən edilərsə, bu hal əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayan əsas kimi xitam verilməsi üçün hüquqi əsas yaradır.
Ümumilikdə,dəyişikliklər ictimai sağlamlığın qorunmasına, əmək münasibətlərində təhlükəsizliyin təmininə və narkomanlığa qarşı mübarizənin effektivliyinin artırılmasına xidmət edəcək.
Sonra Musa Quliyev gündəliyin ikinci məsələsini- Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Qeyd edilib ki, layihə qiymətləndirmə prosesinin obyektivliyini, şəffaflığını və hüquqi əsasları gücləndirmək, müasir qiymətləndirmə metodlarının tətbiqini təmin etmək və əmək mübahisələri riskini azaltmaq məqsədilə hazırlanıb.
Müzakirələrdə komitənin sədr müavini Elşad Musayev, komitənin üzvləri Vüqar Bayramov, Nigar Məmmədova, Soltan Məmmədov, Jalə Əliyeva, Sevinc Hüseynova, Əziz Ələkbərov və Göydəniz Qəhrəmanov çıxış edərək, məsələlərlə bağlı fikirlərini səsləndiriblər, bəzi qeyd və təkliflərini irəli sürüblər.
Sonda  hər iki qanun layihəsi hər biri  Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda, komitənin üzvləri Səttar Möhbalıyev, Bədəl Bədəlov, Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Seçilən
34
3
newscenter.az

4Mənbələr