AZ

Qonşu müharibənin başlıca dərsləri

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ-İran tandeminin İrana qarşı keçirdiyi əməliyyatlar da hərb və kəşfiyyat tarixinə yeniliklər gətirib. Analitiklər, hərbi strateqlər, siyasi rəhbərlər və hərbi rəislər bütövlükdə bəşəriyyət üçün bu müharibə çox material verdi. Öyrənməli çox şey var.

Bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək məqsədilə 2020-ci ilin sentyabrın 27-dən noyabrın 8-dək apardığı 44 günlük müharibə, eləcə də, 2023-cü il sentyabrında keçirdiyi antiterror tədbirləri bütün dünyada sensasiya yaratdı, dünyanın aparıcı siyasi, hərbi, elmi, tədris, təhlil mərkəzləri bu təcrübələri öyrənir. Eynisini Birləşmiş Ştatlar İsraillə birlikdə daha böyük formatda indi İrana qarşı əməliyyatlarda tətbiq edirlər.

İrandan əvvəl ABŞ-ın Delta xüsusi təyinatlı qrupunun Venesuelada keçirdiyi əməliyyat, Venesuela prezidenti Nikolas Maduronun gecə vaxtı öz yatağından götürülərək, həbs edilməsi, Birləşmiş Ştatlara aparılması və orada mühakimə edilməsi çox ciddi bir siqnal idi. Doğrudur, belə əməliyyatlar daha əvvəl də olmuşdu, ancaq indiki hadisələr miqyasına və dəqiqliyinə görə fərqlənir.

Mən tanınmış alim, beynəlxalq səviyyəli maliyyəçi, Azərbaycanın keçmiş maliyyə naziri, professor Saleh Məmmədovun bir neçə gün əvvəl feysbukda paylaşdığı statusa diqqəti cəlb etmək istərdim. Alim yazır:

"Əməliyyata baxın, İsrail addım addım Xamneyninin kortejini izləyir, bütün kameraları izləyir, hava hücumundan müdafiə sistemini iflic edir və momentində rəhbəri ləğv edir. İsrail bir neçə min kilometrdən bunları idarə edir, cahil müsəlmanların heç nədən xəbəri olmur. Nə üçün bilirsinizmi? İsrail elmə ildə 30 milyard dollar xərcləyir, 57 müsəlman ölkəsi (Türkiyə, Azərbaycan daxil) cəmi 23 milyard dollar xərcləyir. Müsəlmanlar onsuz da düzələn deyil, amma Türk ölkələri, düşünməlidir və bu ölkələr elm xərclərini heç olmasa İsrail səviyyəsinə qaldırmalıdır".

Doğrudan da, çox düşündürücüdür: hazırda Yaxın və Orta Şərqdə elmlə cəhalətin müharibəsi gedir. ABŞ və İsrail İranın, demək olar, bütün ali siyasi və hərbi rəhbərlərini dəstə-dəstə, ya da bir-bir məhv edir, qətlə yetirir. İranda Ali Dini Liderdən daha yaxşı kim mühafizə oluna bilər ki?! Məlum oldu ki, İran heç öz ali saydığı liderini belə qorumaq gücündə deyilmiş. Ali Milli Təhlükəsizlik Şurasının katibi nəinki millətin, heç özünün şəxsi təhlükəsizliyini təmin edə bilmədi. Müdafiə naziri əməliyyatlar başlayan kimi öldürülür, yerinə başqası gətirilir, o da eyni aqibətlə üzləşir. Özünü müdafiə edə bilməyən bir şəxsdən ölkənin müdafiəsini gözləmək, yumşaq desək, qəribə gəlir. İranın xarici işlər naziri Abbas Əraqçi deyir: "Biz hələ indi başlayırıq". Ölkənin ali siyasi və hərbi rəhbərliyi kiçik istisnalarla məhv edilib qurtarıb, nazir deyir, İran təzə başlayır. Atəşkəsə və danışıqlara da getmək istəmədiklərini bildirirlər.

Bütün bunlar o deməkdir ki, hazırda ən müasir yüksək texnologiya ilə köhnəlmiş, mühafizəkar ideologiya arasında müharibə gedir. 21-ci əsr elminin qarşısına orta çağdan qalmış məzhəbçi zehniyyətlə çıxmağın nəticəsi göz qabağındadır.

Əlbəttə, İranın da silahları var, raketləri, PUA-ları var. Kimin sayəsində. Təbii ki, Çinin. Bir gün ABŞ-la Çin Tayvan üzərindən anlaşsa, Pekin əlini Tehranın üzərindən çəksə, onda necə olacaq?!

Eyni fikirləri bütün müsəlman ölkələri haqqında demək olar. 22 ərəb ölkəsinin əhalisinin cəmi İsrailin əhalisinin sayından 47 dəfə çoxdur. Ancaq bu qədər əhalisi olan ərəb ölkələri o cür nəhəng təbii sərvətlərlə, ağlagəlməz miqyasda maliyyə resursları ilə tək İsrail qarşısında aciz durumdadırlar. İrana gəlincə, bu ölkənin təbii sərvətləri müxtəlif beynəlxalq hesabatlara görə , 25-30 trilyon ABŞ dolları dəyərindədir. İsraildə isə bu rəqəm 1-1,5 trilyon ABŞ dolları arasında qiymətləndirilir. Deməli, ölkənin real gücü heç də təbii sərvətlərinin çoxluğunda deyil, bu sərvətlərdən necə istifadə edə bilməklə bağlıdır. Aydın olur ki, elm, bilik, informasiya ən qiymətli sərvətdir. Bu baxımdan Azərbaycanın İsraillə tarixən və indiki yüksək tərəfdaşlığı çox əhəmiyyətlidir və doğru siyasətdir. Bu, həm də Azərbaycanın İsraildən öyrənəcəyi çox şeylərin olduğuna da dəlalət edir. Eləcə də, bütün Türk dövlətlərinin. Ən önəmlisi: elmə, təhsilə, biliyə, bilgiyə sərmayə qoymağı ( həm də düzgün yerə sərmayə yatırmağı) öyrənmək. İran müharibəsi də bunu hər kəsə bir daha açıq göstərdi.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
bizimyol.info

1Mənbələr