Çempionlar Liqasında 1/8 finalın İstanbuldakı ilk oyununda möhtəşəm azarkeş dəstəyi ilə “Liverpul”u 1:0 yenən “Qalatasaray” növbəti dəfə gücünü bütün Avropaya göstərdi. Ulduzlarla dolu olan heyəti sayəsində Avropada nəhənglərin qəniminə çevrilən Türkiyə çempionu xüsusilə ev oyunlarında istənilən rəqiblə başabaş mübarizə aparmağa qadir olduğunu yenə göstərdi.
Təkcə bir faktı vurğulayaq ki, indiyə qədər “Liverpul” tarixi ərzində heç vaxt bir mövsümün gedişində eyni rəqibə səfərdə iki dəfə uduzmamışdı! İngiltərənin son çempionu statusunda olan bir komandanı bir mövsümdə iki dəfə qol buraxmadan məğlub edən, “Yuventus”a iki oyuna 7 qol vuran İstanbul nəhəngi qarşıya qoyulan əsas hədəfdən, yəni ÇL-in 1/4 finalından cəmi 90 dəqiqə uzaqlıqdadı. Okan Buruk üçün bu mövsüm Avropada uğurlu çıxış etmək ikiqat önəmlidi. Çünki Fatih Terim “Qalatasaray”dakı ilk dönəmində, yəni 1990-cı illərin sonunda ardıcıl 4 çempionluq əldə etdi və məhz 4-cü mövsümün sonunda Avropada tarix yazaraq UEFA kubokunun qalibi oldu. Buruk da “İmperator”un yolu ilə getmək arzusundadı. Komanda onun başçılığı altında ardıcıl 4-cü çempionluğa doğru şığıyır. Və məhz 4-cü mövsümün sonunda Buruk Avropada da parlaq nəticələr əldə etməyə başlayıb. Komanda qarşıya qoyulan maksimum hədəfə çatmağa yaxındı. Bəli, rəhbərlik üçün bu turnirdə maksimum hədəf məhz son 8 komanda arasına düşməkdi. Təsadüfi deyil ki, Okan Burukun müqaviləsində Türkiyə çempionluğu ilə komandanı ÇL-də 1/4 finala yüksəltməyin bonusu eyni həcmdədi!
Bu arada rəhbərlikdən oyunçulara mühüm bir jest gəlib. “Təqvim” nəşrinin yazdığına inansaq, başqan Dursun Özbək “Liverpul” üzərində qələbənin ardından paltardəyişmə otağına daxil olaraq mükafatla bağlı yeni xoş xəbəri futbolçualara çatdırıb. O, 1/4 finala yüksəlməyin qarşılığında komandaya 5 milyon avro mükafat veriləcəyini açıqlayıb! Mövsümün əvvəlində bu məbləğ 3 milyon avro müəyyənləşdirilmişdi. Bu, klub tarixində bir mərhələ üçün müəyyənləşdirilən rekord mükafatdı. İddialara inansaq, futbolçular bu xəbəri o qədər sevinclə qarşılayıblar ki, hətta paltardəyişmə otağında başqanın adına təzahüratlar səsləndirdilər. Onu da bildirək ki, “Qalatasaray” ÇL-də 1/4 finala yüksələcəyi təqdirdə büdcəsinə daha 12,5 milyon avro əlavə olunacaq və bu mövsüm komandanın ÇL-dən əldə etdiyi gəlir təxminən 66 milyon avro səviyyəsinə çatacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta