AZ

Milyarder qubernator Senat seçkilərini dəyişdi

ABŞ-nin İllinoys ştatında keçirilən Senat seçkiləri ölkə siyasətində yeni güc mərkəzinin formalaşdığını göstərir.

Musavat.com xəbər verir ki, bu barədə "Politico" saytında xüsusi yazı dərc olunub.

Məqalədə qeyd olunur ki, İllinoys ştatının qubernatoru Cey Robert Pritsker Demokratlar Partiyası daxilində təsir gücünü daha da artıraraq Senat seçkilərində əsas fiqurlardan birinə çevrilib.

Onun dəstəklədiyi namizəd – ştatın vitse-qubernatoru Culiana Stretton – demokratların ilkin seçkilərində qalib gələrək ABŞ Senatına namizəd olub.

Strettonun qələbəsi Pritsker üçün ciddi siyasi uğur sayılır. Qubernator onun kampaniyasını maliyyə və siyasi baxımdan fəal şəkildə dəstəkləyib və bu, Demokrat Partiyası daxilində onun təsir imkanlarını göstərən mühüm sınaq kimi qiymətləndirilir.

Senatda uzun illər İllinoysu təmsil edən senator Dik Durbin növbəti seçkilərdə iştirak etməyəcəyini açıqladıqdan sonra ştatda siyasi balans dəyişib və bu yer uğrunda rəqabət kəskinləşib.

Culiana Stretton ilkin seçkilərdə konqresmenlər Raja Krişnamurti və Robin Kelli kimi güclü rəqibləri geridə qoyub. Kampaniya zamanı böyük maliyyə vəsaitləri və müxtəlif siyasi qrupların müdaxiləsi seçkilərin ən çox müzakirə olunan mövzularından biri olub.

Bu qələbə Cey Robert Pritskerin yalnız ştat daxilində deyil, milli səviyyədə də siyasi ambisiyalarının artdığını göstərir. ABŞ-də bəzi siyasi müşahidəçilər onun gələcəkdə – xüsusilə 2028-ci il prezident seçkiləri kontekstində – daha böyük rol oynaya biləcəyini ehtimal edirlər.

Əgər Stretton noyabr seçkilərində qalib gələrsə, o, ABŞ Senatında xidmət edən azsaylı qaradərili qadın senatorlardan biri olacaq və İllinoys ştatı üçün yeni siyasi mərhələ başlaya bilər.

Qeyd edək ki, Cey Robert Pritsker ABŞ-nin ən varlı siyasətçilərindən biri hesab olunur. O, dünyaca məşhur "Hyatt" hotel imperiyasını quran Pritsker ailəsinin üzvüdür. Yəhudi mənşəli Pritsker ailəsi ABŞ biznes və maliyyə elitasının ən nüfuzlu dinastiyalarından biri sayılır. Siyasi müşahidəçilər hesab edir ki, Cey Robert Pritskerin artan siyasi təsiri və böyük maliyyə imkanları onun gələcəkdə ABŞ prezidentliyinə namizəd olmaq ambisiyalarını da gücləndirə bilər.

Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr