AZ

Xamenei ölüb, yaşasın Xamenei?

Müctəbanın İranın dini lideri seçilməsi və partlayışdan necə sağ çıxması barədə dünya mediasından sensasion iddialar

“The New York Times” qəzetinin dərc etdiyi geniş təhqiqat materialı İranın yeni ali rəhbəri Müctəba Xameneinin seçilməsinin pərdəarxası məqamlarına işıq salıb.

Bildirilir ki, atası ayətullah Əli Xameneinin öldürülməsindən sonra Müctəbanın hakimiyyətə gəlişini təmin edən əsas qüvvə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “köhnə qvardiya”sı hesab olunan yüksək rütbəli komandirlər qrupu olub. ABŞ nəşrinin hesabatına görə, Müctəba Xameneinin seçilməsi üçün əsas lobbiçilik fəaliyyətini dörd kilit fiqur həyata keçirib.

Bu qrup ABŞ və İsraillə sərt qarşıdurmanı davam etdirmək tərəfdarı olan “şahinlər” qanadını təmsil edir. Onların əsas məqsədi hakimiyyəti rejimin ən radikal hissəsinin əlində saxlamaq olub. Onlara qarşı isə prezident Məsud Pezeşkian və Əli Laricaninin rəhbərlik etdiyi mülayimlər düşərgəsi çıxış edib. Mülayimlər gərginliyi azaltmaq üçün Həsən Xomeyni və ya Həsən Ruhani kimi namizədləri irəli sürsələr də, hərbi elitanın təzyiqi qarşısında aciz qalıblar.

Xüsusilə Hüseyn Tayibin Ekspertlər Şurasının 88 üzvünün hər birinə şəxsən zəng edərək, Müctəbaya səs verməyi “dini və ideoloji borc” kimi təqdim etməsi seçkinin taleyini həll edib. Hətta Əli Xameneinin hakimiyyətin irsi ötürülməsinə qarşı çıxdığı iddia edilən vəsiyyətnaməsi də SEPAH-ın təzyiqini dayandıra bilməyib. Nəticədə, martın 8-də keçirilən təkrar səsvermədə Müctəba Xamenei 59 səs toplayaraq İranın yeni lideri elan edilib. Bu fakt göstərir ki, son illərdə endirilən nöqtə zərbələrinə baxmayaraq, SEPAH hələ də ölkənin idarəetmə rıçaqlarını möhkəm saxlayır.

İranın yeni ali lideri Müctəba Xameneinin Tehrana raket hücumundan necə xilas olduğu barədə yeni detallar açıqlanıb.

Bu barədə “The Telegraph”ın məlumatında bildirilib. Məlumatda qeyd edilib ki, Müctəba Xamenei atası Əli Xameneinin olduğu məkanı İsrailin hava hücumdan bir neçə dəqiqə əvvəl tərk etdiyi üçün sağ qalıb.

Bu barədə İran Prezidenti Aparatının protokol rəhbəri Məzahir Hüseyninin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli komandirlərinə açıqlamasında qeyd edilib. Detallar həmin açıqlamanın səs yazısının sızması nəticəsində məlum olub.

Müctəba, həyat yoldaşı və oğlu ilə birlikdə atasının olduğu eyni yaşayış kompleksində imiş.

M.Hüseyninin sözlərinə görə, 28 fevral səhəri hücumdan bir müddət əvvəl Müctəba həyətə çıxıb və partlayış baş verən zaman çöldə olub. “O, nəsə etmək üçün həyətə çıxıb... Raket binaya dəyəndə çöldən  binaya qayıdıb yuxarı mərtəbəyə qalxmaq istəyirmiş”, - protokol rəhbəri bildirib.

Hüseyninin sözlərinə görə, partlayış nəticəsində Müctəba “yüngül ayaq zədəsi” alıb və hücum koordinasiyalı şəkildə həyata keçirilib: zərbələr eyni vaxtda ofis kompleksindəki bir neçə yerə dəyib və çox güman ki, bütün Xamenei ailəsini öldürmək məqsədi daşıyıb.

“The Telegraph”ın yazısında qeyd edilib ki, səs yazısı yeni liderin xəsarətlərinin ciddiliyi və ölkəyə rəhbərlik etmək qabiliyyəti ilə bağlı suallar fonunda sızdırılıb. Xamenei müharibə başlayandan bəri ictimaiyyət qarşısına çıxmayıb və iki həftə ərzində ilk açıqlamasını yazılı şəkildə verib.

ABŞ müdafiə naziri Pit Heqsetin sözlərinə görə, Müctəba partlayışda “yaralanıb və çox güman ki, eybəcər hala düşüb”.

İranın xarici işlər naziri Abbas Əraqçi cavab olaraq bildirib ki, yeni ali lider sağlamdır və vəziyyətə tam nəzarət edir. ABŞ onun haqqında dəqiq məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edib.

“Yeni Müsavat”

Seçilən
39
musavat.com

1Mənbələr