AZ

Kubanın Trampa meydan oxuması - real güc, yoxsa...

Kuba prezidenti Migel Dias-Kanel Donald Trampın təhdidləri fonunda “sarsılmaz müqavimət” göstərəcəklərini bəyan edib.

Prezidentin sözlərinə görə, ABŞ-nin məqsədi Kubanı, onun resurslarını, mülkiyyətini və iqtisadiyyatını ələ keçirməkdir. O, qeyd edib ki, ölkə iqtisadiyyatına qarşı aparılan siyasət əslində kubalıları təslim olmağa məcbur etmək üçün həyata keçirilən “aqressiv iqtisadi müharibə” dir.

Kuba liderinin Amerikaya bu cavabının arxasında real güc dayanır, yoxsa sadəcə siyasi bəyanatdır? Kubanın ABŞ-a sarsılmaz müqavimət göstərmək üçün potensialı varmı?


Трамп

Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, Kuba liderinin “sarsılmaz müqavimət” bəyanatı ilk baxışda sərt və iddialı görünür. Lakin bu bəyanatın arxasında ABŞ-nin qarşısında sarsılmadan dayana bilmək potensialının olduğundan danışmaq çətindir:

“Kuba ordusu region üçün müəyyən səviyyədə təşkilatlanmış və ideoloji baxımdan motivasiyalıdır. Ölkənin təhlükəsizlik sistemi uzun illərdir ki, daxili sabitliyi qorumağa hesablanıb. Amma açıq reallıq budur ki, ABŞ ilə birbaşa hərbi qarşıdurmada balans tamamilə qeyri-bərabərdir. NATO standartlarına yaxın texnologiya və imkanlar Kubada yoxdur. Hava və dəniz üstünlüyü tam şəkildə ABŞ tərəfindədir. Bu səbəbdən Kubanın “sərt cavabı” klassik hərbi müstəvidə deyil, daha çox asimmetrik müqavimət formasında mümkündür”.

Ekspertin sözlərinə görə, Kubanın ən zəif nöqtəsi ABŞ ilə müqayisədə iqtisadiyyatının durumudur: 

“Kuba rəhbərliyinin “iqtisadi müharibə” adlandırdığı məsələ əslində onilliklərdir davam edən sanksiya rejimidir. ABŞ-nin Kubaya qarşı embarqosu ölkənin enerji təminatını, idxal imkanlarını, maliyyə sistemini ciddi şəkildə məhdudlaşdırıb. Kuba iqtisadiyyatı artıq zəifdir və əlavə təzyiqlərə, sərt müqavimətə hazır deyil. ABŞ-yə qarşı iqtisadi “cavab vermək” imkanları demək olar ki, yoxdur, müqavimət yalnız dayanmaq və çökməmək formasında ola bilər”

Ə. Orucov qeyd edib ki, Kubanın əsas üstünlüyü hərbi və ya iqtisadi deyil, siyasi-ideoloji dayanıqlıqdır:

“Fidel Kastro dövründə formalaşan model xarici təzyiqə qarşı milli müqavimət narrativi, ABŞ-yə qarşı antiimperialist diskurs, dövlət nəzarətində olan ictimai-siyasi sistem hələ də işləyir. Dias-Kanelin ritorikası da məhz bu ənənənin davamıdır. Kuba zəif görünsə də, Vaşinqton üçün tam asandır demək də doğru deyil. Odur ki, Karib hövzəsində yeni gərginlik ocağının yaranması riski yüksəkdir”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr