AZ

İran müharibəsi: Hansı tərəf təklifləri qəbul edəcək?

“İran müharibəsi yalnız hərbi əməliyyatlarla məhdudlaşmır, həm də enerji, iqtisadiyyat və beynəlxalq diplomatiya sahəsində böyük problemləri ortaya çıxarır”.

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, hazırda İranın mövqeyi sərt olaraq qalmaqda davam edir:


“Rəsmi Tehran qarşı tərəfin təkliflərini qəbul etmək istəmir və bunu öz süvernliyi üçün təhdid olaraq qiymətləndirir. Bu isə göstərir ki, müharibənin tez bir zamanda diplomatik həll yolu tapması müşkül məsələdir. Yəni qarşıdurma qısa müddətdə də olsa qarşılıqlı hərbi və strateji üstünlüklərdən asılı olaraq davam edəcək”.

Ekspertin sözlərinə görə, danışıqları ən çox istəyən tərəf ABŞ-dir:
“Çünki uzun müddət İran bataqlığında ilişib qalmaq Vaşinqtonun maraqlarında deyil. Bu həm əlavə maliyyə yüküdür, həm Hörmüzdəki vəziyyət səbəbilə beynəlxalq təzyiq artır, həm də ABŞ-də seçki ili olması səbəbilə daxildə Prezident Donald Trampın və Respublikaçıların mövqelərinin zəifləməsinə səbəb ola bilər. Ona görə də danışıqların başlaması indiki halda Trampa daha çox lazımdır. 

Əgər İran tərəfi də tükəndiyini hiss edib danışıqlara razılıq verərsə, ən azından qısa müddətli atəşkəs razılaşması əldə edilə bilər. Əks halda, ABŞ və İsrail İrana ciddi zərbə vurmaqda davam etməklə Tehranı kompromisə məcbur etməyə çalışacaqlar. Bu alınmayacaqsa, o zaman Trampın hərbi əməliyyatlar artıq öz məqsədinə çatdı deyib müharibəni dayandıra biləcəyi də ehtimal oluna bilər”.

Politoloq qeyd edib ki, Trampın İranın nüvə raket proqramının sıradan çıxarıldığını, liderlərin öldürüldüyünü, təhlükəsizlik qüvvələrinin artıq heç kimə təhdid törətmək imkanında olmadığını bəyan edərək müharibəni dayandırmaq imkanı var:
“Bu halda Tehran da ABŞ-nin heç bir tələbini qəbul etmədiyini deyərək özünü müharibənin qalibi kimi təqdim etməyə cəhd edəcək. Lakin əsas məsələ bu deyil. Əsas olan müharibənin aktiv fazasının, yəni qarşılıqlı raket, dron hücumlarının dayandırılması halında belə İranı gözləyən xaosdur. ABŞ onsuz da İranda uzunmüddətli əməliyyatlar aparmaq fikrində deyildi. Məqsəd qarşı tərəfin hərbi potensialını zəiflətmək, ldierlərin öldürülməsi ilə ölkə daxilində hakimiyyət savaşını gücləndirmək, paralel olaraq radikal kürd qruplaşmaları vasitəsilə İranı uzunmüddətli xaosa sürükləmək idi”.

Rəşad Bayramovun sözlərinə görə, bütün bunlara iqtisadi problemlər səbəbilə İran daxilində etirazçı qrupların da hərəkətlənməsi ehtimalını əlavə etdikdə Tehran üçün heç də yaxşı gələcək olmadığı üzə çıxır:
“İran müharibəsinin yekunu birbaşa hərbi üstünlükdən çox, həm siyasi, həm də diplomatik mexanizmlərdən asılı olacaq. İranın hazırkı mövqeyi, ABŞ və İsrailin məqsədləri və beynəlxalq vasitəçilərin rolu birləşərək, müharibənin necə inkişaf edəcəyini və hansı şəraitdə yekunlaşacağını müəyyən edəcək”.

Pərviz


 

Seçilən
13
hit.az

1Mənbələr