AZ

Şirniyyat yemək olar, amma necə? - Həkimdən AÇIQLAMA

"Bayramda yemək rasionumuzu, menyumuzu nəzərdən keçirəndə görürük ki, bu qidaların əksəriyyəti karbohidratlardır. Yəni yüksək enerji dəyərinə malik, qida dəyərindən əlavə yüksək kalorili qidalardır. İnsan həm dadlı yemək istəyir, həm də kökəlmək istəmir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirdi.

Həkim bunu necə balanslaşdırmaq lazım olduğunu da dedi:

"Son tədqiqatlar göstərir ki, əgər boş mədəyə desert və ya şirniyyat qəbul etmirsinizsə və onları lifli qidalarla birlikdə yeyirsinizsə, qanda şəkərin səviyyəsi kəskin yüksəlişlər göstərmir. Bu isə onu deməyə əsas verir ki, insulinin sürətli ifrazı gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Buraya diabet, artıq çəki ilə bağlı qarın nahiyəsində piylənmə və qaraciyərin yağlanması kimi problemlər daxildir. Ona görə tövsiyə olunur ki, şirniyyatları mütləq lifli qidalarla birlikdə qəbul edəsiniz. Məsələn, çərəzlər, iydə, badam, püstə, həmçinin xurma kimi quru meyvələrdən sonra şirniyyat yemək daha məqsədəuyğundur. Bu halda qidalar bir-birinin təsirini müəyyən qədər balanslaşdırır.

Meyvənin özünü yeməklə onun şirəsini içmək arasında ciddi fərq var. Meyvənin tərkibində olan karbohidrat liflə birlikdə qəbul edildikdə bağırsaqlardan tədricən sorulur. Bu zaman qanda şəkər səviyyəsi kəskin sıçrayışlar şəklində deyil, daha sabit şəkildə artır və insanı uzun müddət tox saxlayır. Şirə qəbul edildikdə isə şəkər birbaşa qana keçir və qaraciyərdə toplanaraq yağlanmaya səbəb olur. Bu da qarın nahiyəsində piylənməni artırır. Buna görə meyvə şirəsini çox içməyə meyilli olan insanlarda qarın çevrəsində piylənmə daha çox müşahidə olunur".

Nuriyyə NATİQQIZI

Seçilən
61
1
redaktor.az

2Mənbələr