AZ

İsrail tərəfindən öldürülən Əli Laricani kim idi? İran yeni xaosun astanasında

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində öldürülüb.

Oxu.Az Əli Laricaninin İran siyasətində oynadığı rolun fonunda onun ölümündən sonra ölkədə gerçəkləşə biləcək mümkün ssenariləri təqdim edir.

1958-ci il iyunun 3-də İraqın Nəcəf şəhərində anadan olan Laricani İranın siyasi həyatında uzun illər mühüm rol oynayıb. O, xüsusilə 2005-2007-ci illərdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi kimi fəaliyyət göstərib və bu müddətdə ölkənin nüvə proqramı üzrə aparılan danışıqlarda əsas fiqurlardan biri olub. Həmin dövrdə o, İranın ali rəhbəri Əli Xameneinin nümayəndəsi kimi də çıxış edib.

Laricani 2008-14-cü illər arasında İran parlamenti - İslam Şurası Məclisinin üç dəfə sədri seçilib və bu vəzifəsini 2020-ci ilə qədər icra edib. Siyasi karyerası ərzində Laricani 1980-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) rəhbərlik edib. Haşimi Rəfsəncaninin prezidentliyi dövründə o, İranın mədəniyyət və islami irşad naziri və İran İslam Respublikasının yayım qurumunun rəhbəri kimi də fəaliyyət göstərib.

O, həmçinin Mahmud Əhmədinejad və Həsən Ruhani kimi prezidentlərlə müxtəlif dövrlərdə siyasi fikir ayrılıqları yaşayıb. Laricani 2005-ci ildə İranda keçirilən prezident seçkisində 5.94% səslə altıncı yerdə qərarlaşsa da, 2024-cü ildə keçirilən prezident seçkisində İran Müşahidə Şurası tərəfindən ümumiyyətlə namizəd kimi qeydə alınmayıb.

2014-cü ildə o, fars dilindən tərcümədə "Rəhbərin ardıcılları" kimi tərcümə olunan "Rəhrovan-e Vilayət" adlı öz partiyasını yaratdığını elan etsə də, bu, Laricaninin böyük siyasi ambisiyalarının bir sübutu kimi qiymətləndirilib. Bunun səbəbi isə onun İranın nüfuzlu siyasi ailələrindən birinə mənsub olması idi. Ailə İranın siyasi arenasında tez-tez "İraq qrupu" adlandırılır. Bu qrupa mərhumun özündən başqa, onun kürəkəni ayətullah Mürtəza Mütəhhəri, Konstitusiyanın Mühafizə Şurasının üzvü olan qardaşı Sadiq Laricani və 2009-cu ilin avqust ayından İran məhkəmə sisteminin rəhbəri olan Məhəmməd Cavad Laricani, digər qardaşları Bağır və Fazil Laricani, eləcə də Məclisin keçmiş üzvü olan Laricaninin əmisi oğlu Əhməd Təvəkkülü daxildir.

Laricaninin ölümü İran siyasi sisteminə necə təsir edəcək?

Hadisə İran-İsrail münasibətlərində gərginliyin artdığı bir dövrə təsadüf etdiyi üçün hücumun regionda vəziyyəti daha da kəskinləşdirə biləcəyi istisna deyil. Laricani İran siyasi sistemində mühüm fiqurlardan biri idi. O, həm sərt mühafizəkar dairələrlə, həm də daha praqmatik qanadla işləyə bilən siyasətçi kimi seçilirdi.

Xüsusilə Laricani kimi, İsrail-ABŞ cütlüyünün fevralın 28-də İrana hücumu nəticəsində öldürülən keçmiş ali rəhbər Əli Xameneinin hakimiyyəti dövründə belə fiqurlar sistemin dayanıqlılığını təmin edən əsas elementlərdən hesab olunublar. Lakin Xameneinin ardından Laricaninin də öldürülməsi İran İslam Respublikasını çökdürməsə də, daxili balansın zəifləməsi, xaos və müxtəlif yeni qruplaşmaların onun yerini tutacağı istisna deyil.

Ümumiyyətlə, mənə görə, SEPAH İranda hakimiyyətdə əsas struktur olduğu müddətdə İran rejiminin çökməsi mümkünsüzdür. Rejimin çökməsi üçün birinci SEPAH aradan qaldırılmalıdır. Bu istiqamətdə ABŞ və Avropa İttifaqının (Aİ) SEPAH-ı terror təşkilatı kimi tanıyıb sanksiyalara məruz qoyduğunu qeyd etmək də yerinə düşər. Elə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran tərəfindən edilən dron hücumunda da Pezeşkianın dolayısı ilə SEPAH-ın müstəqil hərəkət etdiyini bildirməsi fikirlərimi təsdiq etməyə əsas verir.

Əlqərəz, Laricani də mühafizəkar idi və vaxtilə SEPAH-a rəhbərlik edib. Bu baxımdan, onun ölümü ilə qərarvermə mexanizmində daha sərt və ideoloji xətt tərəfdarlarının ön plana çıxması ehtimalı artır. Bu isə İranın həm daxili idarəetməsində, həm də xarici siyasətində kompromis imkanlarını getdikcə daha da daraldacaq.

Hadisənin İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilməsi İranın cavab strategiyasını yenidən gündəmə gətirib. Bu hadisənin İranın regiondakı fəaliyyətində daha açıq və sərt addımlara gətirib çıxaracağı istisna deyil.

Laricani keçmişdə nüvə danışıqlarının əsas iştirakçılarından və bu istiqamətdə əhəmiyyətli fiqur olub. Onun yoxluğu İranın diplomatik komandasının tərkibinə də təsir edə bilər. Bu isə onsuz da, kövrək olan diplomatik prosesləri daha da dalana dirəyə bilər. Mövcud proseslər isə göstərir ki, İran yeni, daha sərt və daha az kompromisli siyasi mərhələyə daxil olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
118
47
oxu.az

10Mənbələr