AZ

Dubay maliyyə mərkəzi statusunu qorumağa çalışır

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları İran ətrafında vəziyyətin gərginləşməsi fonunda ölkəni tərk edən əcnəbilər üçün minimum qalma müddəti ilə bağlı tələblərin yumşaldılması imkanını nəzərdən keçirir.

Reyting.az “Financial Times”a istinadən xəbər verir ki, bu addım əcnəbilərin geri qayıtmasını təşviq etmək və BƏƏ-nin regionun aparıcı maliyyə mərkəzi statusunu qorumaq məqsədi daşıyır.

Münaqişə başladıqdan sonra ölkəni tərk edən əcnəbilər, qaydaların adətən icazə verdiyindən daha uzun müddət xaricdə qalsalar belə, vergi rezidentliyini saxlamaq üçün daha çevik imkanlar əldə edə bilərlər. Hazırda rezidentura statusu adətən ildə 183 gün, yaxud ölkə ilə iş və ya daimi yaşayış kimi əhəmiyyətli əlaqələr olduqda ən azı 90 gün qalmağı tələb edir. Bu, sıfır gəlir vergisi və təhlükəsiz maliyyə mühiti ilə tanınan Dubay üçün xüsusilə önəmlidir.

Qeyd olunur ki, müharibə bəzi şəxsləri müvəqqəti olaraq ölkəni tərk etməyə məcbur edib. “British Airways” uçuşlarının ləğvi və hava məkanının vaxtaşırı bağlanması kimi məhdudiyyətlər isə onların geri qayıtmasını çətinləşdirib.

BƏƏ Federal Vergi Xidmətinin yüksək vəzifəli nümayəndələri kütləvi güzəştlər planlaşdırmasalar da, münaqişə başa çatdıqdan sonra müraciətlərə fərdi qaydada baxmağa hazır olduqlarını bildiriblər. Bundan əlavə, ölkədə “həyat mərkəzi” prinsipi tətbiq olunur ki, bu da əsas yaşayış yeri və maliyyə maraqları BƏƏ-də qaldığı halda rezidentura statusunu qorumağa imkan verir.

Vergi rezidentliyini itirən şəxslər üçün öz vətəndaşı olduqları ölkələrdə, xüsusilə Böyük Britaniyada əlavə vergi öhdəlikləri yarana bilər. Bu isə həm iqtisadiyyata, həm də Dubayın cəlbedici maliyyə mərkəzi kimi imicinə mənfi təsir göstərər.

Qeyd edək ki, İranla bağlı münaqişə, davamlı hücumlar və əhalinin xaricə axını səbəbindən Dubay müəyyən sayda sakinini itirə və yaşayış üçün ən rahat şəhərlər reytinqində geriləyə bilər.

“The New York Times” yazır ki, bir çox mühacir BƏƏ-ni ailələri üçün karyera imkanları, təhlükəsizlik, keyfiyyətli təhsil və yüksək həyat səviyyəsinə görə seçib. Lakin davam edən qeyri-sabitlik fonunda Əmirliklər yüksək gəlirli əcnəbilərin ölkəni tərk etməsi riski ilə üzləşir. Onların əksəriyyəti isə cəmi iki illik yaşayış vizasına malikdir.

Məlumata görə, Əmirliyin 11,4 milyon əhalisinin təxminən 10 milyonu xarici vətəndaşlardır.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
reyting.az

1Mənbələr