AZ

Şantaj oyununda Kreml kölgəsi: “İcazə verilən qədər”i kim müəyyən edir?

Xaricdə yaşayan bloqerlərin prezidentin ailəsinə qarşı böhtan yürüşü dalana dirənib. Belə ki, prezident ailəsini şantaj etməyə cəhd edən şəxsin həbs olunması ilə bağlı yayılan məlumatlar artıq yeni mərhələdən xəbər verir. İstintaq materialları, telefondan çıxarılan yazışmalar və xaricdə fəaliyyət göstərən bloger şəbəkəsi ilə əlaqələr bu işin sadəcə fərdi təşəbbüs olmadığını göstərir. Məsələnin ən diqqətçəkən tərəfi isə yayılan səs yazılarından birində səslənən fikirlərdir.
“İcazə verilən qədər” – idarə olunan böhtan əməliyyatı
Əslində Zəki Səlimovun səs yazısında səsləndirdiyi bir cümlə bütün mənzərəni dəyişir. O bildirir ki, bu məsələ ilə bağlı yalnız “icazə verilən qədər” məlumat yayıla bilər. Bu ifadə göstərir ki, prosesdə iştirak edən şəxslər müstəqil qərar verən tərəf deyil. Onlar sadəcə icraçı rolundadırlar.
Bu isə o deməkdir ki, süni intellekt və oxşar əcnəbi qadının görüntülərindən ibarət böhtan dosyasının hamısı ictimaiyyətə təqdim olunmur. Hansı iftiranın nə vaxt və hansı dozada yayılacağı kənardan müəyyən edilir. Yəni dezinformasiya axını planlı şəkildə idarə olunur və bu da hadisənin arxasında daha böyük bir mərkəzin dayandığını ehtimal etməyə əsas verir.
“Yuxarı” kimdir? İpucları Kremlə uzanır
Səs yazısında “yuxarı” kimi təqdim olunan qüvvə əslində əsas qərarverici kimi çıxış edir. Bu mərkəzin kimliyi ilə bağlı bir neçə ipucu diqqət çəkir. Həbs olunan şəxslərin Rusiya ilə əlaqələri və xaricdəki şəbəkənin struktur xüsusiyyətləri diqqəti bir istiqamətə yönəldir.
Bu kontekstdə analizlərdə tez-tez bir məqam vurğulanır: prosesin arxasında Kremlə bağlı müəyyən dairələrin dayanması ehtimalı. Hətta bu dairələrin bəzən rəsmi siyasətə belə təsir göstərə biləcək gücdə olduğu qeyd olunur. Anti-Azərbaycan ritorikanın zaman-zaman güclənməsi də bu ehtimalları gücləndirən faktor kimi göstərilir.
Azərbaycana təsir imkanlarının itməsinin doğurduğu reallıq
Bu hadisə təkcə şantaj və informasiya manipulyasiyası kimi deyil, daha geniş kontekstdə – Azərbaycanda təsir imkanlarının qorunması mübarizəsi kimi də dəyərləndirilir. Keçmişdə “milyarderlər ittifaqı” kimi tanınan proseslər, eləcə də müxtəlif siyasi fiqurlar üzərindən aparılan təsir cəhdləri bu xəttin davamlı olduğunu göstərir.
Azərbaycan son illərdə daha müstəqil və balanslı xarici siyasət yürütməyə başladıqca, regiondakı maraqlar toqquşması da kəskinləşib. Bu isə bəzi qüvvələri alternativ və daha gizli üsullara əl atmağa vadar edir. İnformasiya təzyiqi, şantaj və nüfuz əməliyyatları həmin üsullar sırasında xüsusi yer tutur. Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması ilə başlayan prosses Rusiyadakı bəzi qüvvələri narahat edir və onlar Azərbaycandakı mövcudiyyətlərini qorumaq üçün hər cür yola əl atırlar.
Yeni mərhələ: informasiya müharibəsinin sərt üzü
Ortaya çıxan faktlar göstərir ki, bu cür əməliyyatlar artıq təkcə siyasi və ya diplomatik müstəvidə deyil, informasiya müharibəsi səviyyəsində aparılır. Xaricdəki blogerlər, sosial media platformaları və manipulyativ kontent vasitəsilə ictimai rəyə təsir etmək cəhdləri açıq şəkildə görünür.
Bütün bunların fonunda Zəki Səlimovun dediyi “icazə verilən qədər” ifadəsi bu kampaniyanın açarıdır. Bu, hadisənin arxasında dayanan strukturun nə qədər mərkəzləşmiş və idarə olunan olduğunu göstərir.
Baş verənlər bir daha göstərir ki, dezinformasiya artıq ən güclü təsir alətlərindən biridir. Ayrı-ayrı şəxslərin fəaliyyəti kimi görünən proseslər əslində daha geniş planın tərkib hissəsidir. Mövcud faktlar isə bu işin arxasında duran qüvvələrin hələ də regionda təsir imkanlarını bərpa etməyə çalışdığını deməyə əsas verir. Bu “yuxarı” Putindir ya Rusiya prezidentini belə zaman-zaman təsir altına alan “güc”dür, onu zaman göstərəcək. Ancaq artıq bəlli olan budur ki, icraçılar Avropanın anti-Azərbaycan mərkəzlərinin qucağında otursalar da, hazırda hər anlamda “qida”nı Kremldən alırlar. “Yuxarı” dedikləri də elə Rusiyadakı Azərbaycanın müstəqil və güclü siyasətindən narahat olan mərkəzlərdir.
Aqil Ələsgər
Seçilən
102
yenicag.az

1Mənbələr