Rəhman Hacıyev beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev beşinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Kamran Ələsgərov və Numrəddin Hüseynovla görüşüb. Fondun İdarə Heyətinin sədri Kamran Ələsgərov və Numrəddin Hüseynovu beşinci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer almaları münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı gənc liderlərin peşəkar inkişafı, onların potensialının daha da gücləndirilməsi və gələcək fəaliyyət istiqamətləri ətrafında səmərəli müzakirələr aparılıb. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də Qarabağ Dirçəliş Fondunun icra etdiyi layihələr barədə ətraflı məlumat verilib. Bu layihələrin bölgənin sosial-iqtisadi dirçəlişinə verdiyi töhfələr xüsusi vurğulanıb. Bununla yanaşı, Mentorluq proqramı çərçivəsində qaliblərin fərdi inkişaf planlarının hazırlanması, onların maraq dairəsinə uyğun istiqamətlərin müəyyənləşdirilməsi və qarşıdakı mərhələdə həyata keçiriləcək fəaliyyət planları geniş şəkildə müzakirə olunub. Qarşılıqlı fikir mübadiləsi şəraitində proqramın daha effektiv təşkili üçün vacib məqamlar nəzərdən keçirilib. Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Kamran Ələsgərov və Numrəddin Hüseynov Mentorluq proqramı çərçivəsində yaradılan imkana və göstərdiyi dəstəyə görə Rəhman Hacıyevə təşəkkür ediblər. Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Qeyd edək ki, növbəti, sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.