Dövlət qulluğunda əməkhaqqı və mükafatlandırma sistemində edilən dəyişikliklər müzakirə mövzusu olaraq qalır. Məsələyə münasibət bildirən Əməkdar jurnalist Mətanət Ağamirli bu addımların gecikdiyini və uzun müddətdir gözlənildiyini deyir.
Əməkdar jurnalist Mətanət Ağamirli QHT.az-a açıqlamasında bildirib ki, millət vəkilləri yenə də gecikmiş qərarlarla gündəmə gəlirlər. Onun sözlərinə görə, “Dövlət qulluğu haqqında” Qanunda və digər qanunvericilik aktlarında nəzərdə tutulan dəyişikliklər əslində çoxdan həyata keçirilməli idi.
Dövlət qulluğunda çalışanlara verilən mükafatlar müəyyən mənada ayrı-seçkiliyə səbəb olurdu. “Əgər hər kəs öz üzərinə düşən işi yerinə yetirirsə, əlavə mükafatlandırmaya nə dərəcədə ehtiyac var? Bu, eyni zamanda dövlət büdcəsindən əlavə vəsait xərclənməsi deməkdir”.
M.Ağamirli vurğulayıb ki, mükafatların hansı meyarlarla və hansı xidmətlərə görə verildiyi məsələsi də açıq qalır: “Şəffaflığın necə təmin olunduğu ilə bağlı suallar hələ də cavabsızdır”.
Əməkdar jurnalistin fikrincə, əməkhaqqı sisteminin daha vahid və şəffaf mexanizm üzərində qurulması ədalətli və zəruri addımdır.
Zəhra Ağayeva