AZ

“Mossad”dan İran generallarına “ölüm zəngi”: Psixoloji müharibədə yeni mərhələ

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatarkən, İsrail kəşfiyyatı (“Mossad”) İranın hərbi elitasına qarşı gözlənilməz və sarsıdıcı bir taktika tətbiq etməyə başlayıb. Dünyanın ən nüfuzlu nəşrlərindən olan “The Wall Street Journal”ın (WSJ) yaydığı son məlumata görə, İsrail agentləri birbaşa İran komandirlərinin şəxsi telefonlarına zəng edərək onlara ultimatum verirlər. Bu zənglər sadəcə təhdid xarakteri daşımır; “Mossad” zabitləri fars dilində səlis danışaraq, iranlı generallara onların ailə üzvləri, gizli ünvanları və gündəlik marşrutları barədə bütün detallara sahib olduqlarını nümayiş etdirirlər. Bu, Tehranın hərbi rəhbərliyi arasında daxili inamsızlıq və xaos yaratmaq məqsədi daşıyan yüksək səviyyəli psixoloji əməliyyatdır.

Məsələni NOCOMMENT.az-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, bu taktika İsrailin İranın daxili təhlükəsizlik sisteminə nə dərəcədə dərindən nüfuz etdiyini göstərir: “İsrail kəşfiyyatının İranın yüksək rütbəli zabitlərinə birbaşa zəng etməsi müasir kəşfiyyat tarixində nadir hallardan biridir. Bu, artıq klassik casusluq deyil, birbaşa ‘psixoloji terror’ və sarsıtma taktikasıdır. ‘Mossad’ bu addımı ilə İranın hərbi komandanlığına mesaj verir ki: ‘Biz sizin yataq otağınıza qədər girmişik’. Əgər bir agent generalın şəxsi nömrəsini bilir və onunla fars dilində danışaraq ailəsinin taleyi ilə hədələyirsə, bu, İranın əks-kəşfiyyat sisteminin iflası deməkdir. İsrailin burada əsas məqsədi İran ordusu və SEPAH daxilində parçalanma yaratmaq, komandirləri rejimə qarşı üsyana və ya ən azı fəaliyyətsizliyə sövq etməkdir. ‘Xalqın yanında olun, yoxsa taleyiniz liderinizlə eyni olacaq’ xəbərdarlığı, İran daxilindəki mümkün çevriliş ssenarilərinə hazırlıq məqsədi daşıyır”.

Elçin Xalidbəyli

Politoloqun fikrincə, bu prosesin digər tərəfi ABŞ və İsrail hərbi hava qüvvələrinin koordinasiyalı fəaliyyətidir: “İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) son vaxtlar pilotların danışıqlarını qəsdən ictimailəşdirməsi də bu zəncirin bir halqasıdır. Amerikalı və israilli pilotların İrana sarsıdıcı zərbələr endirmək barədə ‘şərəf duyuruq’ ritorikası ilə danışması Tehranın hərbi iradəsini sındırmağa hesablanıb. Bir tərəfdən göydən gələn real zərbə təhlükəsi, digər tərəfdən telefonun o başındakı ‘Mossad’ agentinin səsi İran zabitini çıxılmaz seçim qarşısında qoyur: ya rejimlə birlikdə məhv olmaq, ya da tərəf dəyişmək. Bu, hərbi əməliyyatlardan daha təsirli ola biləcək bir silahdır. Çünki daxildən sarsılan ordunun döyüş qabiliyyəti sıfıra enir. Hesab edirəm ki, yaxın günlərdə biz bu ‘telefon diplomatiyası’nın və psixoloji təzyiqlərin nəticəsi olaraq İranın hərbi elitasında ciddi istefaların və ya qiyam cəhdlərinin şahidi ola bilərik”.

Tunar
NOCOMMENT.az

Seçilən
87
nocomment.az

1Mənbələr