AZ

Misir enerji qənaəti üçün fövqəladə tədbirlər tətbiq edir

İranla bağlı regional gərginlik fonunda iqtisadi və sosial sahələrə təsir edəcək qərarlar qəbul olunub...

Misir hökuməti regionda artan hərbi-siyasi gərginlik, xüsusilə İranla bağlı vəziyyətin yaratdığı risklər fonunda enerji istehlakını azaltmaq məqsədilə fövqəladə qənaət tədbirlərinə başlayıb.

Poliqon xəbər verir ki, bu barədə Sky News Arabia Agentliyi məlumat yayıb.

Məlumata görə, martın 28-dən etibarən ölkədə fəaliyyət göstərən mağazalar, ticarət mərkəzləri, restoranlar və kafelər əvvəlki saatlarla müqayisədə daha erkən bağlanacaq. Bu addım enerji yükünü azaltmaq və elektrik sisteminə düşən təzyiqi minimuma endirmək məqsədi daşıyır.

Misirin Baş naziri Mostafa Məduli bildirib ki, hökumət dövlət və özəl sektorun bir hissəsində çalışan əməkdaşların həftədə bir-iki gün məsafədən işləməsi imkanını da nəzərdən keçirir. Onun sözlərinə görə, bu təşəbbüs nəqliyyat və ofis enerjisi xərclərini azaltmağa yönəlib. Bununla belə, sənaye müəssisələri, istehsalat obyektləri, kritik infrastruktur, səhiyyə və nəqliyyat sektorları bu qərardan kənarda saxlanılacaq.

Bundan əlavə, hökumət reklam lövhələrinin işıqlandırılmasının tamamilə söndürülməsi və küçə işıqlandırmasının yalnız minimum zəruri səviyyədə saxlanılması barədə göstəriş verib. Bu tədbirlər elektrik enerjisinə qənaəti artırmaqla yanaşı, dövlətin enerji ehtiyatlarının daha səmərəli idarə olunmasına xidmət edir.

Ekspertlər hesab edir ki, bu cür addımlar Misirin enerji balansını qorumaq və mümkün təchizat problemlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbir xarakteri daşıyır. Regionda davam edən qeyri-müəyyənlik fonunda digər ölkələrin də oxşar tədbirlər görməsi ehtimal edilir.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr