AZ

Azərbaycana PUA-lar tədarük etmiş(?) İsrail generalı Samvel Karapetyanın komandasına qoşuldu...-FOTO

Erməni mediasında yayılan məlumatlara görə, hazırda həbsdə olan Putinin milyarder "desantı" Samvel Karapetyanın komandası təqaüddə olan İsrail generalı Zvika Haymoviçi "Güclü Ermənistan" təhlükəsizlik qrupunun üzvü kimi təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.
 
İddia edilir ki, vaxtilə  Azərbaycana PUA-lar tədarük edən Zvika Haymoviç Azərbaycanın İsraildən aktiv hava hücumundan müdafiə sistemləri və döyüş PUA-ları aldığı dövrdə İsraildə xidmət edib.
 
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan sosial media səhifəsində Karapetyanların komandasının yeni üzvü ilə bağlı video paylaşıb.
 
"Rusiyalı oliqarx İsrail generalını gətirib, onu öz komandasına daxil edib və əslində Ermənistan siyasi sahəmizə xarici bir general gətirmək istəyir. Güman edirəm ki, o hətta müdafiə naziri vəzifəsinə namizəd olacaq və onun Ermənistan Respublikasının vətəndaşı olmamasının və qətiyyən erməni olmamasının onlar üçün nə fərqi var? Rusiyalı oliqarx nəinki Ermənistan vətəndaşı deyil, həm də onun baş nazir vəzifəsinə namizəd olduğunu elan edirlər. Onların müdafiə naziri vəzifəsinə İsrail generalının namizəd olmasına nə mane olur ki?"- deyə Ruben Rubinyan bildirib.
 
Moderator.az-ın arasdırmasından bəlli olub ki,  2015-2018-ci illərdə İsrail ordusunun ("TSAXAL) hava hücumundan müdafiə qüvvələrinə komandanlıq etmiş və son dövrdlərdə "MirYam" İnstitutunun hərbi eksperti olan briqada generalı Zvika Haymoviç 2020-2023-cü illərdə Azərbaycan ordusunun Qarabağ uğrunda savaşını təqdir edən, nümunə göstərən çıxışlar edib. Ancaq israilli generalın Azərbaycana PUA tədarükündə iştirak edib-etməməsi haqda rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur. Lakin doğrudan da erməni mediasında, o cümlədən "Aysor" nəşrində dünən 18 mart saat 16:13-də gedən xəbərdə bu yəhudi generalın revanşist, rusiyapərəst Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasının üzvü kimi çıxış etməsi haqda informasiyalar yayılıb.
Həmin materialın tərcüməsini olduğu kimi nəzərinizə çatdırırıq:

" "Biz bütün çətinliklərlə üzləşirik və innovasiyalarla cavab veririk." İsrail generalı Tsvika Haimoviç Samvel Karapetyanın təhlükəsizlik komandanlığına qoşulub..."

"Bir neçə ay əvvəl mən bu güclü komanda ilə görüşdüm və onun potensialını və ambisiyalarını görüb dərhal qoşulmağa razılıq verdim”, - deyə İsrail hava hücumundan müdafiə qüvvələrinin keçmiş komandanı general Zvika Haymoviç hazırda üzvü olduğu “Güclü Ermənistan” partiyasının təhlükəsizlik proqramının təqdimatında bildirib.

“Aydındır ki, biz çoxsaylı və mürəkkəb geo-siyasi çətinliklərin olduğu bir dünyada yaşayırıq. Vəziyyət çox tez dəyişir, sərhədlərdə aktivlik və regionda partlayıcı vəziyyət müşahidə edirik — bütün bunları anlamaq lazımdır. Biz bu çətinliklərə işimizdə artıq tətbiq olunmuş və effektiv şəkildə tətbiq edəcəyimiz innovativ yanaşmalarla reaksiya verəcəyik”, - deyə o vurğulayıb.

Haymoviç qeyd edib ki, milli təhlükəsizlik proqramı sadəcə sənədlər toplusu deyil.

"Bizim üçün bu, ilk növbədə Ermənistan ordusunun güclü olması üçün işləyəcəyimiz bir istiqamətdir. Mən otuz ildən çoxdur ki, silahlı qüvvələrdə xidmət edirəm və xalqınızı və torpağınızı qorumağın nə demək olduğunu bilirəm", - deyə general əlavə edib..."

İsrailli generalın sözügedən tədbirə Ermənistana gələrək, yaxud onlayn şəkildə qatıldığı məlum deyil.

  
S.Laçın
Seçilən
39
1
moderator.az

2Mənbələr