O, gürcülərin mənəvi sütunu, regional sülhün dəstəkçisi idi
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı Cənubi Qafqaz regionunda hüznlə qarşılanıb. Səhiyyə qurumlarının məlumatına görə, onun ölümü böyrək, ağ ciyər və ürək çatışmazlığı səbəbindən baş verib. 49 il davam edən patriarxlığı ilə o, Gürcüstan Pravoslav Kilsəsinin tarixində ən uzunmüddətli dini lider kimi yadda qaldı. II İlyanın rolu təkcə din çərçivəsində məhdudlaşmırdı. O, Gürcüstan cəmiyyətində sabitliyin, milli kimliyin və mənəvi dəyərlərin dayaqlarından sayılırdı.
Onun vəfatı ilə bağlı yayılan reaksiyalar göstərdi ki, II İlya yalnız Gürcüstanda deyil, bütövlükdə, regionda mühüm fiqur kimi qəbul olunurdu. Gürcü ictimai fikrində II İlya “millətin mənəvi sütunu” kimi xarakterizə edilir. Beynəlxalq media onu postsovet məkanında böyük nüfuz sahibi olan dini liderlərdən biri kimi təqdim edir. Xüsusilə siyasi və sosial gərginlik dövrlərində cəmiyyətin birləşməsində oynadığı rolu ön plana çəkilir. Bu qiymətləndirmələr təsadüfi deyil. Onun fəaliyyəti sovet dövrünün son illərindən müstəqillik mərhələsinə qədər mürəkkəb tarixi dövrü əhatə edirdi.
II İlyanın şəxsiyyəti və fəaliyyəti Azərbaycan–Gürcüstan münasibətlərinin inkişafı kontekstində də xüsusi əhəmiyyət daşıyırdı. Onun çıxışlarında və təşəbbüslərində regional sabitlik, qarşılıqlı hörmət və dinlərarası dialoq ideyaları daim ön planda yer alırdı. O, açıq şəkildə bildirirdi ki, Qafqazda davamlı sülh yalnız ədalət və dövlətlərin ərazi bütövlüyü prinsipləri əsasında mümkündür. Bu baxımdan, onun Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstək regionun siyasi reallıqları ilə səsləşən mühüm mesaj idi.
Azərbaycan ictimaiyyəti və siyasi rəhbərliyi də II İlyanın vəfatını dərin ehtiramla qarşıladı. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə ünvanladığı başsağlığı məktubunda Patriarxın Qafqazda sülhün, həmrəyliyin və dinlərarası anlaşmanın möhkəmləndirilməsindəki rolu xüsusi vurğulandı. Bu yanaşma iki ölkə arasında münasibətlərin yalnız siyasi və iqtisadi deyil, həm də mənəvi və humanitar əsaslar üzərində qurulduğunu göstərir.
II İlyanın Azərbaycanla bağlı mövqeyi ardıcıl və prinsipial idi. O, çıxışlarında Azərbaycan xalqına hörmətini ifadə edir, iki xalq arasında tarixi və mədəni bağlılıqların qorunmasının vacibliyini vurğulayırdı. Onun fikrincə, qarşılıqlı hörmət və tolerantlıq Cənubi Qafqaz kimi çoxmillətli və çoxkonfessiyalı region üçün sabitliyin əsas amillərindəndir. Bu yanaşma həm Gürcüstandakı azərbaycanlı icmaya münasibətdə, həm də ümumilikdə regiondakı dinlərarası əlaqələrdə aydın şəkildə özünü göstərirdi.
Bunun əsasları II İlyanın (dünyəvi adı İrakli Quduşauri-Şiolaşvili) uşaqlıq illərində formalaşmışdı. 1933-cü ildə Vladiqafqazda (o vaxtkı Orconikidze) doğulan gələcək Patriarx dini təqiblərin şiddətli olduğu bir dövrdə böyümüşdü. Onun ailəsinin yaxın çevrəsində müsəlmanların da olması bu baxışların formalaşmasına təsir göstərmişdi. II İlya bunu belə xatırlayırdı: “Onlar gələndə valideynlərim namaz qılmaları üçün evin ən yaxşı otağına xalçalar sərərdilər. Biz isə digər otaqda ikonalar qarşısında dua edirdik. Sonra hamı birlikdə nahar süfrəsinə əyləşirdi”.
Məhz erkən təcrübələr II İlyanı sonralar Azərbaycan xalqına və İslam dünyasına qarşı dərin hörmət bəsləyən dini liderə çevirmişdi. Onun fəaliyyəti dövründə Gürcüstanda azərbaycanlı icmanın dini və mədəni hüquqlarına diqqətin artması, ibadət azadlığının genişlənməsi və tolerant mühitin möhkəmlənməsi müşahidə olunurdu. Bunlar Azərbaycan–Gürcüstan münasibətlərinin dərinləşməsində mühüm rol oynayan humanitar amillər kimi qiymətləndirilə bilər. İki ölkə arasında strateji tərəfdaşlıq əsasən enerji layihələri üzərində qurulsa da, münasibətlərin dayanıqlılığı məhz cəmiyyətlərarası etimad və qarşılıqlı anlayışla təmin olunur.
Şübhəsiz, iki ölkə arasındakı münasibətlərin mənəvi dərinliyini göstərən ən bariz nümunələrdən biri də II İlyanın rəhbərliyi dövründə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qurulan unikal tərəfdaşlıq idi. Bu əməkdaşlıq çərçivəsində Gürcüstanda fəaliyyət göstərən 650-dən çox kilsə və monastırın qaz təminatının Azərbaycan tərəfindən qarşılanması regionda dini tolerantlığın və mehriban qonşuluq siyasətinin ən uğurlu humanitar layihələrindən biri hesab olunur.
Gürcüstan Patriarxlığı ilə “SOCAR Energy Georgia” arasında əməkdaşlıq haqqında memorandumun imzalanması tərəflər arasında əlaqələrin möhkəmləndiyini göstərir. Bu cür əməkdaşlıq formatları Azərbaycan–Gürcüstan münasibətlərinin yalnız dövlətlərarası deyil, həm də cəmiyyətlərarası və dini müstəvidə inkişaf etdiyini aydın şəkildə nümayiş etdirir.
II İlya bu etimadın formalaşmasında mühüm “yumşaq güc” elementi kimi çıxış edirdi. Onun dinlərarası dialoqa verdiyi önəm, xristian və müsəlman icmaları arasında körpü rolunu oynaması regionda potensial qarşıdurmaların qarşısının alınmasına xidmət edirdi. O, dəfələrlə vurğulamışdı ki, dini müxtəliflik təhlükə deyil, əksinə, əməkdaşlıq və qarşılıqlı zənginləşmə üçün imkan yaradır. Bu yanaşma həm yerli, həm də beynəlxalq analitiklər tərəfindən sabitləşdirici amil kimi qiymətləndirilirdi.
Onun ictimai nüfuzu təkcə dini sahə ilə məhdudlaşmırdı. II İlya Gürcüstan tarixinin kritik məqamlarında, xüsusilə 1989-cu ilin 9 aprel hadisələri kimi dönüş nöqtələrində xalqla birgə mövqe sərgiləyən lider kimi yadda qalıb. Sonrakı illərdə dövlət və kilsə münasibətlərinin formalaşmasında, milli kimliyin qorunmasında və ənənəvi dəyərlərin təşviqində də onun rolu həlledici olub.
II İlya yalnız dini lider deyil, həm də Cənubi Qafqazda sabitlik və əməkdaşlıq arxitekturasının formalaşmasına təsir edən ictimai fiqur idi. Onun vəfatı ilə Gürcüstanda bir dövr başa çatsa da, formalaşdırdığı dəyərlər və yanaşmalar region üçün aktuallığını qoruyur. Bu gün Azərbaycan–Gürcüstan münasibətlərinin yüksək səviyyədə inkişafında siyasi və iqtisadi amillərlə yanaşı, məhz mənəvi körpülərin rolu da danılmazdır. II İlya bu körpülərin inşasında və qorunmasında xüsusi xidmətləri olan simalardan biri kimi tarixdə qalacaq. Onun irsi iki xalq arasında dostluğun, qarşılıqlı hörmətin və əməkdaşlığın gələcəkdə də davam etməsi üçün mənəvi bünövrədir.
Sonda onu da qeyd edək ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Tbilisidəki Müqəddəs Üçlük Kafedralında (Sameba) dəfn olunacaq. Bu barədə məlumatı Gürcüstanın “Birinci kanalı” yayıb. Bldirilib ki, bu kilsə II İliya dövründə tikilib və Gürcüstanın ən böyük dini abidəsidir.
Pünhan ƏFƏNDİYEV
XQ