AZ

Ağstafada Novruz çal-çağırı

Novruz bayramı Ağstafada da təntənə ilə qeyd edilib. İlaxır çərşənbə münasibətilə şəhərin Heydər Əliyev adına istirahət parkında təşkil olunan ümumrayon tədbirində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət üzvləri iştirak ediblər.

Şənlikdə milli irsimizi əks etdirən sərgilər, məktəblilərin və incəsənət nümayəndələrinin təqdimatında Novruzun ənənəvi obrazları – Bahar qızı, Keçəl və Kosa ilə rəqs və folklor kompozisiyaları böyük maraqla izlənilib. İdman klublarının nümunəvi çıxışları da bayrama rəngarənglik gətirib.

Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov mərasimdə Novruzun birlik, sevinc və həmrəylik bayramı olduğunu vurğulayıb, bu gün bayram tonqallarının azad Qarabağ torpaqlarında da alovlanmasının qürurverici olduğunu qeyd edib.

Təntənə bayram konserti ilə davam edib. İdmanda fərqlənən gənclər təltif olunublar. Şəhid ailələri ilə birlikdə bayram tonqalı alovlandırılıb və tonqal ətrafında yallı rəqsi ilə Novruzun birlik ruhu bir daha nümayiş etdirilib.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Seçilən
57
1
xalqqazeti.az

2Mənbələr