AZ

Bakıda keçiriləcək “UFC Fight Night” turniri: İlk döyüşlərin kimlər arasında keçiriləcəyi artıq məlumdur

İyunun 27-də Bakıda keçirilməsi planlaşdırılan UFC turniri tədricən real konturlar almağa başlayır.

İdman.Biz xəbər verir ki, hazırda ən dəqiq təsdiqlənmiş döyüş orta çəkidə İkram Ələsgərov ilə Bruno Ferreyra arasındadır: bu qarşılaşma artıq “Sherdog”un bazasında(qarışıq döyüş növləri üzrə ixtisaslaşmış məşhur onlayn platformadır – red) “Ultimate Fighting Championship Fight Night” turnirinin Bakı Kristal Zalında keçiriləcək kartının bir hissəsi kimi göstərilib. Ələsgərov döyüşə 17-2, Ferreyra isə 15-3 göstərici ilə yanaşır.

Bununla yanaşı, Bakı gecəsi ətrafında daha bir səs-küylü qarşılaşma da gündəmə gəlməyə başlayıb. MMA üzrə ixtisaslaşmış mənbələrin məlumatına görə, Şarabuttin Maqomedov Mixail Pereira ilə döyüşə bilər. Lakin hazırda bu barədə UFC tərəfindən rəsmi təsdiq yoxdur. Maqomedov üçün bu variant məntiqli görünür: daha əvvəl onun meneceri bildirmişdi ki, növbəti döyüş ABŞ-dan kənarda keçiriləcək, çünki döyüşçünün lisenziyalaşdırma ilə bağlı müəyyən məhdudiyyətləri var.

Hazırkı formaya baxsaq, hər iki potensial qarşılaşma kifayət qədər maraqlı görünür. Pereyra 2026-cı ilin fevralında Zekari Riz üzərində hakimlərin bölünmüş qərarı ilə qələbə qazanıb, Maqomedov isə sonuncu dəfə 2025-ci ilin iyulunda oktaqona çıxıb. O zaman o, karyerasındakı ilk məğlubiyyətin əvəzini Mark Andre Barriault üzərində qələbə ilə çıxaraq rekordunu 16-1-ə çatdırıb. Ferreyra isə əksinə, bu yaxınlarda UFC turnirlərindən birində döyüşüb və Qriqori Rodriqesi nokautla uduzub. Bu səbəbdən iyun ayında qayıdış onun üçün karyerasını yenidən uğurlu istiqamətə yönəltmək imkanı olacaq.

Xatırladaq ki, UFC-nin Azərbaycanda ilk turniri 2025-ci ilin iyununda keçirilib və bu, promouşenin ölkəyə debüt səfəri olub. Həmin vaxt Bakı Kristal Zalda azarkeşlər Rafael Fizievin İqnasio Bahamondes üzərində, Nazim Sadıxov isə Nikolas Motta üzərində qələbəsini izləyiblər. Tofiq Musayev isə UFC-də debütündə Mıktıbek Orolbaya məğlub olub.

İdman.Biz
Seçilən
6
1
idman.biz

2Mənbələr